Logo

Azərbaycanlı akademikin Yunus Əmrə barədə fikir və düşüncələri simpoziumda böyük maraqla qarşılanıb

16.07.2021 19:10 459 baxış
IMG

Böyük filosof Yunus Əmrənin həyat və fəaliyyətinin dünya miqyasında tanıdılması bütün türk aydınların mənəvi borcu, milli vəzifəsidir. Yunus Əmrənin yaradıcılığı məna və mahiyyətin, faydalılıq dərəcəsinə görə bitib-tükənməz xəzindədir. Ona görə də, təkcə türk dünyasının deyil, bütün dünyanın iftixarı olan böyük filosofun əsəsrlərinin daha geniş yayılması müasir dövrün vacib çağırışlarındandır.

 

Bu fikirləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar Ankarada keçirilən “Türk dilinin Anadoluda yazı dilinə çevrilməsi” mövzusunda beynəlxalq simpoziumdakı çıxışında ifadə edib.

 

“Yunus Əmrənin mirasının tədqiqi və nəşri” mövzusunda çıxış edən AMEA-nın vitse-prezidenti 44 günlük vətən müharibəsində göstərdiyi siyasi və mənəvi dəstəyə görə, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinə və xalqına səmimi minnətdarlığını ifadə edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbəni tarixi hadisə və iftixarımız kimi dəyərləndirən alim diqqətə çatdırıb ki, böyük Zəfərin təməlində xalqın vətənə və torpağa bağlılığı, dövlətin düzgün siyasəti dayanır.

 

Ankarada keçirilən “Türk dilinin Anadoluda yazı dilinə çevrilməsi” mövzusunda beynəlxalq simpoziumun işini yüksək dəyərləndirən akademik İsa Həbibbəyli AZƏRTAC-a açıqlamasında deyib: “Türkiyə tərəfi Yunus Əmrənin həyat və fəaliyyətinin dünyada tanıdılmasına hər zaman diqqət göstərib. Yunus Əmrə türk dünyasının iftixarı və ortaq dəyəridir. Onun yaradıcılığını tədqiqi etmək və əsərlərinin nəşri Azərbaycanda hər zaman diqqət mərkəzində olub. İştirak etdiyimiz simpozium, təkcə Yunus Əmrə şəxsiyyətinə ehtiram deyil, eyni zamanda, ortaq dəyərlərimizin tanıdılması baxımından təcrübə mübadiləsi qazanmaq və birgə fəaliyyət üçün fikir mübadiləsi aparılması baxımından mühüm əhəmiyyət daşıyır”.

 

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Yunus Əmrənin həm böyük filosof, həm də görkəmli şəxsiyyət kimi Azərbaycanda tanınmasının və sevilməsinin əsas səbəbi ölkəmizdə dünya ədəbiyyatına, eləcə də türk dünyasının görkəmli şəxsiyyətlərinə göstərilən doğma münasibətdir.

 

AZƏRTAC

Xəbər lenti