Logo

İşə götürənlərin və böyük şirkət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib

16.07.2021 18:22 381 baxış
IMG

“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” proqramı çərçivəsində işəgötürənlərin və böyük şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

 

Tehsil.biz-in məlumatına görə, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi, eləcə də bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni bir layihənin icrasına başlayıblar.

 

Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan kadr hazırlığı üçün PTT müəssisələrinin müasirləşdirilməsində Peşə Təhsili üzrə Dövlət Agentliyinə (PTDA) dəstək verəcək.

 

Tədbirdə peşə təhsili müəssisələri ilə əməkdaşlıq imkanları, tələbələrin təcrübə proqramları, iş yerində öyrənmə konseptinin müzakirəsi, hər hansı birgə biznes imkanlarının müzakirəsi, karyera mərkəzlərinin yaradılması və peşə təhsili müəssisələrinin müxtəlif şirkətləri təmsil edən işəgötürənlərlə əməkdaşlıq mexanizmlərinin müasirləşdirilməsi məsələləri müzakirə olunub.

 

Müzakirələr zamanı Azərbaycanın böyük şirkətlərini təmsil edən işəgötürənlər namizədlərin işə götürülməsi zamanı meydana çıxan əsas problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Namizədlərdə təcrübə azlığı, xarici dil biliyinin olmaması və ya zəif olması və s. kimi problemlər xüsusilə qabardılıb. Problemlərin yalnız kompleks yanaşma ilə həll edilməli olduğu, yəni özəl sektorun peşə təhsili müəssisələri ilə əməkdaşlığı, həmçinin müəllimlərin və valideynlərin bu prosesə cəlb edilməsinin vacib amil olduğu vurğulanıb.

Report

Xəbər lenti