Logo

portal.edu.az: çevik, keyfiyyətli, sadə və rahat

16.07.2021 18:09 947 baxış
IMG

Təhsillə bağlı elektron xidmətləri vahid məkanda birləşdirən platforma


Bir ildən artıqdır ki, bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyasının törətdiyi çətinliklərlə  üz-üzəyik. Çətinliklərin önündə gedən isə daha az təmas, daha az canlı ünsiyyətdir. Bu dönəmdə bəzi xidmətlərin məhdudlaşdırılması və ya fasilələrlə qapadılmaya getməsi artıq  yeni formata keçilməsini labüd edirdi. Bəli, pandemiya şəraitində yaşayırıq. Ancaq işlər davam etməlidir. Və artıq yeni xidmətlərin yaradılmasına ciddi ehtiyac duyulurdu. Nəzərə alsaq ki, hər  bir ailənin təhsillə bağlılığı  var və ənənəvi həyatımızda bizim ən çox müraciət etdiyimiz  sahələrdən biri də elə təhsildir. Və nə yaxşı ki, Təhsil Nazirliyi tərəfindən  vəziyyətdən dolayı ötən müddət ərzində təhsil sahəsində müəyyən çətinliklərin aradan qaldırılması, təhsillə bağlı bir çox xidmətlərin elektronlaşması istiqamətində növbəti dəfə  əsaslı addımlar atıldı.

 

Həm də nəzərə alsaq ki, ölkəmizdə elektron xidmətlər “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir. Bu baxımdan təhsildə  elektronlaşmanın, onun əhatə dairəsinin genişləndirilməsinin də artıq zamanın tələbi olduğunu görürük.

 

Məsələni xüsusi diqqətdə saxlayan Təhsil Nazirliyi vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün təhsillə bağlı  xidmətlərinin elektronlaşdırılması sahəsində mühüm işlər həyata keçirir ki, onlardan biri də məhz  portal.edu.az  platformasının istifadəyə verilməsi oldu.

 

Platforma özündə nəyi ehtiva edir?

 

portal.edu.az  Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq elektron xidmətlərdən faydalana bilmək imkanı qazanırlar.

 

İlk dəfə...

 

2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə müəllimlərin,  eləcə də direktor müavinlərinin işə qəbulu elektron qaydada portal.edu.az  elektron xidmətlər portalı üzərindən baş tutub. Xidmət vasitəsilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət, eləcə də nəticələr barəsində məlumatlandırmalar aparılır.

 

Peşə təhsili pilləsi üzrə müəllim olmaq istəyənlərə portalda  vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma imkanları yaradılmışdı  ki, bu da vətəndaşlara  arzuladıqları sahədə işləmək üçün heç bir maneə olmadan daha rahat şəkildə müraciət etmələri baxımından olduqca əlverişlidir. Özü də heç bir vaxt itkisinə yol vermədən, müraciətin  daha çevik və operativ həll olunması portaldan  istifadə edənlərin ürəyincə olub.

 

Qeyd edək ki, xidmətin elektron formatda həyata keçirilməsində məqsəd də  bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Burada vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki,  bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə zəmin yaradır.

 

Məktəbdənkənar təhsil müəssisələrində məşğul olmaq istəyənlər üçün

 

Platformada  Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin müxtəlif dərnək və qruplarına üzv olmaq istəyənlər üçün elektron qeydiyyat sistemi də mövcuddur. Belə ki, sistemdən istifadə etmək istəyənlər  portal.edu.az  linki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət etmək imkanına malikdirlər.

 

Müsabiqə və olimpiadaların təşkili də elektronlaşdırılır

 

Platformanın ictimaiyyətə təqdim etdiyi  təhsillə bağlı xidmətlərindən biri də  müsabiqə və olimpiadaların idarəolunmasında tətbiq edilən yeni mexanizmləri özündə əks etdirən “Müsabiqə və olimpiadalar” bölməsidir.  Bəli, artıq müsabiqə və olimpiadaların təşkili də elektronlaşdırılır. Belə ki, “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsi ilə”Ən yaxşı təqdimat” müasibiqəsinə ərizə qəbulu , respublika fənn olimpiadalarının təşkili həyata keçirilib. Olimpiadaların idarəolunmasında tətbiq olunan bu mexanizm proseslərin çevik və keyfiyyətli təşkilinə şərait yaradır. Üstünlükləri olduqca çoxdur. Məsələn, götürək ərizələrin elektron qəbulunu. Bu zaman şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsi ilə keçirilən müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə imtahan tarixi, məkanı və digər detallar qeyd olunmuş buraxılış vərəqələri təqdim edilir. Digər bir üstünlük məlumatların izlənilməsidir. Bu da  şagirdlərə, həmçinin, şəxsi kabinetlərində öz nəticələrini, müsabiqə və olimpiadaların hazırda hansı mərhələdə olduğunu  və digər yeniliklər barədə məlumatları izləmək imkanı verir.  Bütövlükdə, bu,  proseslərin mövcud statusu barədə çevik məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir. Sual yarana bilər ki, iştirakçıların mükafatlandırılması necə həyata keçiriləcək?  Bu məsələ də  öz həllini tapıb. Belə ki, olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron nailiyyət sənədləri (sertifikatlar) təqdim edilməsi nəzərdə tutulur. Şagirdin iştirak etdiyi bütün müsabiqələr, nailiyyətləri və sertifikatları sistemdə saxlanılır və şəxsi kabinetdə öz əksini tapır. Proseslərin  avtomatlaşdırılması daha çevikliyə və vaxt itkisinin minimuma endirilməsinə hesablanıb. Olimpiada və müsabiqələrin idarəolunmasının rəqəmsallaşdırılması sistemdə imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi siyahısına nəzarət etməyə, müvafiq hesabatların hazırlanmasına imkan verir.Sistemdə həmçinin əldə olunan nəticələrin monitorinqini aparmaq imkanı da var ki, bu da öz növbəsində, illər üzrə keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait yaradır.

 

Magistratura və doktorantura səviyyələri üzrə təhsil müəssisələrinə portal.az-da  elektron qeydiyyatdan keçməklə...

 

Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış  gənclərimizə portal.edu.az  platformasından  qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müəyyən tələb olunan prosedur qaydaları ilə tanış olmaq imkanı yaradılıb. Belə ki, açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi, eləcə də qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür.

 

Bir sözlə, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.  Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.

 

Platformada həmçinin ali təhsil pilləsinin doktorantura səviyyəsinə  elektron sənəd qəbulu da aparılır ki, bu da elmlə məşğul olmaq istəyən gənclərimizə portal üzərindən müraciətlərinin  irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə etmək imkanı yaradır. Platformada qeydiyyatdan keçən gənclər  sürətli müraciət, müraciətin statusunun izlənilməsi, imtahan vaxtları , eləcə də imtahan nəticələri barədə məlumatları, təhsil haqqının ödənilməsi və digər təhsil xidmətlərinə inteqrasiya imkanları əldə edirlər.

 

Göründüyü kimi, arzu və məqsədə nail olmağın daha əlçatan, daha rahat olması. Yetər ki, platformanın xidmərlərindən düzgün istifadə edək...

 

Elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaldır

 

Platformanın ictimaiyyətə təqdim etdiyi  xidmətlər  gündən-günə genişlənməkdədir. Artıq Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə adıçəkilən  platformaya  “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Belə ki, xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran  bir sıra üstünlüklərə malikdir.

 

Vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş təkmil daxili (CRM) sistem hesabına daha qısa zaman çərçivəsində cavablandırılır. Ən diqqətçəkən məqam  isə yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olur.

 

Cari ilin 17 iyun tarixindən fəaliyyətə başlayan xidmətə bu günə qədər 1118 müraciət daxil olub və onlardan 939-na artıq cavab göndərilib. 179 müraciət baxılma ərəfəsindədir. Bu xidmət vasitəsindən yararlanan vətəndaşa 3 iş günü ərzində  müraciət etdiyi məsələylə bağlı məlumat verilir.

 

Əsas məqsədi vətəndaş müraciətlərinin operativ və çevik həlli, eləcə də  vətəndaş məmnuniyyətinə nail olunmasıdır ki, bizcə də, qarşıya qoyulan məqsədə çatılıb.  Bunu qeyd etdiyimiz statistik rəqəmlərdən də görmək olar ki, xidmətin fəaliyyətə başlamasından az bir müddət keçməsinə baxmayaraq vətəndaşlar  belə bir müraciət formasından razıdırlar. Hər bir vətəndaşa platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq imkanı yaradılıb.

 

Artıq arayışları almaq daha sürətli və rahat olacaq

 

Platformada tətbiq edilən növbəti yeniliklərdən biri də  bu günlərdə elektron arayışlar xidmətinin  istifadəyə verilməsidir.  Xidmətin özəlliyi nədir və vətəndaşlar hansı arayış növlərini elektron formada əldə edə biləcəklər? İlk başda deyək ki, bu xidmət vasitəsilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər  ali, orta ixtisas və  ya peşə təhsili pillələri üzrə təhsil almaları barədə arayış ala biləcəklər.  Həmçinin platformanın bu xidməti sayəsində vətəndaşlarımız  Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə arayışları daha rahat şəkildə əldə edəcəklər. Bu xidmətdən  hələ ki, cari ildə təhsil alanlar istifadə edə bilər. Xidmət üzərində təkmilləşdirmə işləri davam edir və gələcəkdə əvvəlki illərin məzunları da bu xidmətdən yararlanacaq.

 

Xidmət vasitəsilə  Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə,  həmçinin müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayışları da  əldə etmək mümkündür.

 

Adıçəkilən elektron arayışların alınması proseduru isə çox sadədir. İlk növbədə portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyatı  qurumlara təqdim edə bilərlər. Necə deyərlər,  bu qədər sadə və əlçatan...

 

Onu da qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (edu.gov.az/az/yoxla) ID nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

 

Şəffaflıq, vaxt itkisinin aradan qaldırılması və vətəndaş məmnuniyyəti

 

Beləliklə, Təhsil Nazirliyinin portal.edu.az  platforması təhsillə bağlı elektron xidmətləri bir məkanda birləşdirərək vətəndaşlar üçün müxtəlif proseslərin  elektron sistem vasitəsilə həyata keçirməklə  vaxt  itkisinin aradan qaldırılmasında,  cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması  baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.  Tətbiq edilən bu yeniliyin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmasının digər başlıca səbəblərindən biri də şəffaflığın və vətəndaş məmnuniyyətinin  təmin edilməsidir.

 

Samirə KƏRİMOVA

Xəbər lenti