Logo

Azərbaycanın Qoşulmama Hərəkatının üzvü kimi beynəlxalq aləmdə mövqeyi və nüfuzu

16.07.2021 17:57 368 baxış
IMG

2021-ci ildə BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransında çıxış etmişdir. Ölkə başçısı çıxışı zamanı bir çox qlobal məsələlərə münasibət bildirmişdir.


Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırmışdır.Qeyd edək ki,10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü olmuş, qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.


2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilmişdir. Azərbaycanın sədrliyi dövründə mühüm təşəbbüsləri və bir çox nəticələr əldə olunub. Belə ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etmişdir. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə  çıxış  edərək, Qoşulmama  Hərəkatının Təmas Qrupu  ölkələrinin Zirvə  görüşünün  keçirilməsi təşəbbüsü  irəli  sürülmüş  və  2020-ci  il  mayın  4-də  həmin  tədbir  təşkil  olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş  direktoru, Afrika  İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa  Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır.


Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs  BMT-yə  üzv  olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutmuşdur.   Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla,30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etmiş, bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulmuşdur.  Azərbaycan öz humanitar missiyasını hər zaman məsuliyyətlə icra edərək, ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınamışdır.


Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.Bu məsələyə  münasibətdə  Azərbaycan  BMT-nin  İnsan  Hüquqları  Şurasında  Qoşulmama  Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Çətinliklərin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub.


Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir, eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Tarixdə  ilk  dəfə  Avropa  İttifaqının  rəhbərləri  Qoşulmama  Hərəkatının  onlayn  Zirvə görüşündə iştirak ediblər. Avropa  İttifaqına  üzv  dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi  təşəbbüsünü  dəstəkləyib. 


Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək. Pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi, pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi, üzv dövlətlər üçün töhfələrini verə bilər.


2020-ci il Azərbaycan üçün əlamətdar il olub - Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri uğurla həll edilib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub. 30 ilə yaxın dövr ərzində Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlamaqla azərbaycanlılara qarşı etnik təmizləmə aparmış,bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistan 1992-ci ilin fevralında tarixdə misli görünməmiş vəhşiliyi ilə seçilən Xocalı soyqırımını törədib, 106-sı qadın,63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib,minlərlə insan əsir götürülmüşdür . Bu dəhşətli Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. 30 il ərzində Ermənistan aparıcı beynəlxalq təşkilatlarının qətnamə və tələblərinə məhəl qoymayıb. Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçmişdir. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altındakı ərazilərin böyük hissəsini azad etmişdir. Müzəffər Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı nəticəsində Azərbaycan 30 illik münaqişəyə son qoymuş, hərbi- siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir. Qırx dörd günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT  Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etdi və Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.


Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaqdır. 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclasda xüsusi bəyanat qəbul olunmuşdur ki, bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmiş və bununla da Azərbaycanın ədalətli mövqeyi müdafiə olunub.


BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərmiş, lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etmişdir ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edir.


Qeyd edək ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb və hətta qəbiristanlıqlar belə yerlə-yeksan edilmişdir. Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilməmişdir. Onların hamısı Ermənistan tərəfindən dağıdılmışdır.
Azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə başlanaraq,müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Həmin ərazilər yaşıl enerji zonası çevirməklə,Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcəkdir.Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı dövlətimizin əsas prioritetlərindən biridir. Bu prosesdə əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır ki, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırması beynəlxalq ictimaiyyəti narahat etməli və  Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.


   Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfələr vermək, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilmək, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində hər zaman öz qətiyyətli mövqeyini nümayiş etdirməklə, bu Hərəkata yeni-yeni töhfələr verəcəyinə və beynəlxalq nüfuzunun daha da artırılmasına nail olacağına əminik.

 

Ucar rayon Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbin müəllimi - Səidə Quliyeva

Xəbər lenti