Logo

Pandemiya dövründə xüsusi təhsil müəssisələrində tədrisin təşkili məsələləri

16.07.2021 15:11 648 baxış
IMG

Sağlamlıq imkanları məhdud uşaqların distant tədrisinin təşkili uğurla həyata keçirildi

 

İki ildən artıqdır, bütün dünya, eləcə də ölkəmiz ağır bir pandemiya dövründən keçir. Pandemiya insanların, cəmiyyətin həyatında elə böyük sarsıntılara (maddi, mənəvi, psixoloji) səbəb olur ki, bunu tam mənası ilə ifadə etmək çox çətindir.  Virus pandemiyası cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsil sahəsinə də öz mənfi təsirini göstərmişdir.  Ümumiyyətlə, qeyd edək ki, təhsil hansı formada olursa-olsun, bütün uşaqlar təhsil almalıdır. İndi məktəb rəhbərləri və məsul dövlət qurumları hər zaman olduğundan daha çox vəziyyəti izləməli və diqqət mərkəzində saxlamalıdırlar ki, sağlamlıq imkanları məhdud uşaqların təhsildən kənarda qalmaları baş verməsin, onların təhsil hüquqları pozulmasın.

 

Belə ki, ilk vaxtlar təhsil ocaqlarının, ümumiyyətlə, fəaliyyət göstərməməsi, sonra isə distant forması təhsil sferasında böyük dəyişikliyə səbəb oldu.

 

BMT-nin 2020-ci ilin iyununda qəbul edilmiş sənədi əsas tədbirlər sırasında “Sosial-iqtisadi reaksiya tədbirlərini” müəyyənləşdirmişdir. Bu tədbirlər çərçivəsində pandemiya böhranının insan hüquqları sahəsindəki vəziyyətə təsirinə xüsusi diqqət yetirilmişdir. Bu, xüsusilə milli səviyyədə əhalinin ən zəif təbəqələrininqadınların, yaşlı insanların, uşaqların, sağlamlıq imkanları məhdud şəxslərin tələbatlarının ödənilməsi və hüquqlarının təmin edilməsi üçün ünvanlı addımların atılmasını nəzərdə tutur.

 

Bu böhran mənfi təsir göstərsə də, qısa müddətdə perspektiv (əlavə bərabərsizlik yaratmadan) məktəb sistemlərini distant təhsilə uyğunlaşdırmaq imkanı yarandı:

 

  • * təhsil yeniliklərinin stimullaşdırılması, interaktiv tətbiqlər, canlı televiziya verilişləri, virtual tədris dərsləri və telekonfrans vasitəsilə evdə öyrənmə imkanlarının yaradılması;
  • * hökumətlər, təhsil sahəsində mütəxəssislər, qeyri-hökumət təşkilatları (QHT), texnologiya təchizatçıları və telekommunikasiya şəbəkələrinin operatorları da daxil olmaqla, dövlət-özəl tərəfdaşlıq həllərinin köməyi ilə İKT-nin təhsil infrastrukturunun modernləşdirilməsi.

 

Pandemiya və karantin şəraitində təhsil sahəsində innovasiyaların tətbiqinə zərurət yarandı. Respublikada televiziya yayımlarından, evdə təhsildən və UNESCO-nun himayəsi altında Qlobal Təhsil Koalisiyasının tövsiyə etdiyi onlayn (distant) təhsildən istifadə olundu. COVID-19 pandemiyası səbəbindən on minlərlə şagird onlayn təhsilə cəlb olunaraq bu təhsil formasına uyğunlaşmaq məcburiyyətində qaldı.

 

Sağlamlıq imkanları məhdud (SİM) şəxslərin qarşılaşdığı problemlərin kəskinliyi yeni koronavirus infeksiyasının yayılması şəraitində açıq şəkildə artdı. Bu şəxslər pandemiyada daha çox risk qrupuna daxil oldular.

 

Təlimin davamlılığını təmin etmək üçün ümumi, xüsusi təhsil və peşə hazırlığı dövründə novator yanaşmaları tətbiq olunmaqdadır:

  • * Radio və televiziyalarda evdə öyrənmək üçün materialların dəstləri verilmişdir.
  • * Hökumətlər və tərəfdaşlar tərəfindən bütün dünyada fasiləsiz tədris prosesinin təşkili üçün operativ reaksiya tədbirləri, o cümlədən UNESCO-nun himayəsi altında təhsil məsələləri üzrə Qlobal koalisiya çərçivəsində distant təhsil üçün həllər işlənib hazırlanmışdır.
  • * Baş verənlər müəllimlərin vacib rolunu yada salmaq, hökumətlərdə və digər əsas tərəfdaşlarda təhsil sahəsində çalışan işçilərə qayğı göstərmək kimi daimi vəzifənin qoyulmasına səbəb olmuşdur.

 

Pandemiya dövründə təhsil sahəsində distant təhsilin, teledərslərin meydana gəlməsi imkan verdi ki, tam tədris proqramına uyğun bütün siniflər üzrə indi hazır teledərslər olsun. İstənilən vaxt hər bir şagird özünə lazım olan dərsi açıb, ona aydın olmayan mövzunu təkrarlaya bilər. Ümid edərdim ki, xüsusi təhsil proqramlarına da uyğun belə videodərslər hazırlanacaq.

 

Pandemiyanın ilk dövründə şagird və tələbələrin təhsildən kənar qalması, sonrakı dönəmdə isə təhsil sisteminin hələ hazır olmadığı distant təhsil forması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Təhsil Nazirliyi tərəfindən distant təhsilin inkişafı və genişləndirilməsi ilə bağlı müəyyən tədbirlər görüldü və görülməkdədir. Beləliklə də pandemiya şəraitində təhsil sferasının fəaliyyəti nisbətən normal vəziyyətə qayıda bildi.

 

Xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün ilk dövrdə bu mümkünsüz oldu, çünki onlara psixofiziki pozulmadan asılı olaraq xüsusi metodlarla işləyən müəllimlərin daimi diqqəti və əyani iştirakı tələb olunurdu. Xüsusi məktəbdə fənləri tədris edərkən müəllimlər yalnız xüsusi korreksiya metodlarından istifadə etmir, həm də tədris proqramını uşaqların xüsusi ehtiyaclarına uyğunlaşdırdılar, mətnləri və tapşırıqları dəyişdirir, uşaqlarla birbaşa təmas yaradır, onlarla fərdi və qrup məşğələlər aparır, uşağın səs vibrasiyasına, nitqinin ritminə, tempinə və s. diqqət yetirirdilər.

 

Xüsusi məktəblərdə (internat) uşaqlar hər müəssisənin öz təlimatına uyğun ayrı-ayrı diaqnozlu uşaqlardır. İstər gündəlik dərs, istər ev tapşırığı, istər loqopedik tapşırıqlar, istərsə də psixoloqun göstərişləri məktəb müəllimləri tərəfindən yerinə yetirilir. Pandemiya zamanı (tam qapanma vaxtı) uşaqların məktəblə canlı əlaqəsi kəsilib, dərslərin əsas yükü valideynlərin üzərinə düşmüşdür.

 

Birinci qapanma zamanı xüsusi təhsil müəssisələri distant təhsilə keçmədilər. Yalnız fərdi evdə təhsil dərsləri davam edirdi (müvafiq gigiyenik normalara riayət olunaraq).

 

O dövrdə sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn dərslər təşkil edilməmişdir. Bu da şübhəsiz onların, xüsusən də kiçikyaşlı şagirdlərin təhsilinə və inkişafına mənfi təsir göstərirdi. Ona görə də xüsusi məktəblərdə təhsil prosesinin bərpası təcili və təsirli tədbirlər tələb edirdi.

 

Dövlətlər tərəfindən distant təhsil təcrübəsi tətbiq edildikcə, sağlamlıq imkanları məhdud olan şagirdlər çatışmazlıqlarından irəli gələn çətinliklərlə üzləşirdilər.

 

Amma 2020-ci ilin oktyabrın 19-dan tətil, sonra isə distant təhsilə keçid elan olundu. Distant təhsilə artıq xüsusi təhsil müəssisələri də qoşuldu. Xüsusi təhsil müəssisələrinin həm rəhbərliyi, həm pedaqoji heyəti artıq onlayn dərslərə hazır idilər. Bəli, SİM uşaqların distant tədrisinin təşkili ağır olsa da, lakin uğurla həyata keçirildi. Bəzi uşaqları ekran qarşısında oturtmaq mümkünsüz olsa da, əksər şagirdlər asta-asta bu dərslərə də uyğunlaşdılar.

 

Bu nöqteyi-nəzərdən xüsusi internat-məktəblər daha əlverişli şəraitdə oldular. İnternatların fəaliyyəti tam qapalı şəraitdə davam etdi, onlar real olaraq bütün tədris sistemini həyata keçirə bildilər. Xüsusi internat-məktəblərin bütün heyətinə ayrıca təşəkkür düşür, çünki həm texniki,  həm pedaqoji heyət könüllü olaraq internatlarda uşaqlarla birgə qapandılar. Təhsil Nazirliyi də onların əməyini yüksək qiymətləndirdi.

 

Qeyd etmək istəyirəm ki, xüsusi təhsil müəssisələrində ümumi fənn (“Ana dili”, “Riyaziyyat”, “Ətraf aləmlə tanışlıq” və s.) dərslərindən başqa xüsusi dərslər də aparılmalıdır. Bunlar ayrıca (qrup və ya fərdi olaraq) loqopedik, loqoritmik, surdoloji, tiflopedaqoji, müalicəvi gimnastika və s. dərslərdir. Təəssüf ki, bu göstərilən dərslərin çoxunu distant təhsillə tam əvəz etmək mümkün deyil. Məsələn: periferik nitq aparatı əzələlərinin masajı, kinezoterapiya, refleksoterapiya metodları və s.

 

Bundan əlavə, SİM uşaqların bəzi kateqoriyalarına (intellektual çatışmazlıq, autizm spektorlu, davranış problemli uşaqlar və s.) sanitar-gigiyenik normalara tam riayət etmək mümkünsüzdür. Bu uşaqlara məsafə saxlamaq, maska taxmaq, əllərini yumadan üz-gözlərinə toxunmamağı başa salmaq çox çətindir.

 

SİM uşaqların ən böyük problemi cəmiyyətə adaptasiyasıdır. Qapanma dövründə ətrafdakılarla ünsiyyətin məhdudlaşdırılması bu uşaqların sosiallaşma-adaptasiya işinə mənfi təsir göstərir. Əldə olunmuş nailiyyətlər belə silinib unudulur.

 

Spesifik korreksiya işləri, hansılar ki, xüsusi pedaqoqlar fərdi şəkildə aparırdılar, distant təhsil mümkün olmadıqda, bütün əldə olunmuş bacarıq və vərdişlər təkrar olunmadıqda unudulur.

 

Bəzi ölkələr əlilliyi olan şagirdlər və onların valideynləri üçün alətlər və resursları inkişaf etdirir. Onlara onlayn proqramları keçmək imkanı verəcək lazımi avadanlıq, internetə çıxış, onlardan istifadə üçün yararlı materiallar və dəstək verilir. Bu məqsədlə onlar üçün çıxış funksiyalarının əlavə işlənib hazırlanması, məsələn, nitq müşayiəti, surdotərcüməli video və sadələşdirilmiş mətn, həmçinin yardımçı qurğuların və bəzi hallarda xüsusi cihazların mövcudluğunun təmin edilməsi vacibdir. Məsələn, İordaniyada Azrak və Zaatari qaçqın düşərgələrində təhsil alan 700 əlil uşağın ehtiyaclarını ödəmək üçün yenilikçi qərarlardan biri şəffaf maskalardan istifadə etmək idi ki, eşitmə əlilliyi olan uşaqlar dodaqlardan oxuya bilsinlər.

 

Qeyd etmək lazımdır ki, pandemiya zamanı distant təhsilə keçidlə bağlı problemlər qısa müddətdə Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı nəticəsində TEAMS platforması vasitəsilə həll olundu.

 

Məktəb rəhbərlərinin yeni tədris formasını lazımi səviyyədə tətbiq edə bilmələri üçün öz əməkdaşlarına ödənişsiz ixtisasartırma, o cümlədən, rəqəmsal texnologiyalar sahəsində ixtisasartırmanı təmin etmələrini məqsədəmüvafiq hesab edirəm.

 

Lalə İMANOVA,

Təhsil İnstitutunun Elmi katibliyinin baş mütəxəssisi

Xəbər lenti