Logo

Peşə təhsili mərkəzlərində özəl sektor nümayəndələri ilə dəyirmi masaların təşkilinə başlanılıb

14.07.2021 14:23 388 baxış
IMG

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Qəbələ, Quba, Saatlı, Bakı, Gəncə və Şəkidə yerləşən peşə təhsili mərkəzlərində özəl sektor nümayəndələri ilə dəyirmi masaların təşkilinə start verib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tehsil.biz-ə bildirilib ki, dəyirmi masaların keçirilməsində məqsəd ölkədəki özəl sektor şirkətləri ilə əlaqələri gücləndirmək və onları peşə təhsili sahəsində gedən proseslərə yaxından cəlb etməkdir.

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Quba Peşə Liseyində təşkil olunan tədbirlərə kənd təsərrüfatı, otel menecmenti və qonaqpərvərlik, qida istehsalı, suvarma sistemləri üzrə ixtisaslaşmış 35 şirkətin nümayəndəsi, peşə təhsili və təlimi (PTT) üzrə mütəxəssislər, o cümlədən mövzu ilə əlaqədar tədqiqat qrupu cəlb olunub.

 

İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində hazırda görülən işlər barədə ətraflı məlumat alıblar, habelə məzunlar üçün iş əsaslı öyrənmə və təcrübə proqramları, karyera mərkəzlərinin yaradılması, eləcə də PTT mərkəzləri ilə digər mümkün tərəfdaşlıq perspektivləri daxil olmaqla çoxsaylı əməkdaşlıq imkanları haqda müzakirələr aparıblar.

 

Tədbirlər çərçivəsində özəl sektor nümayəndələri ilə fokus qruplar təşkil edilib. Nümayəndələr mövcud bazarın vəziyyəti haqda fikirlərini paylaşıb və PTT sektorunun formalaşmasında özəl sektorun fəal rol oynaması üçün şirkətlərin tələb və gözləntilərini qeyd ediblər.

 

Həmçinin özəl sektorun peşə təhsil sahəsi ilə bağlı münasibətini öyrənmək üçün sorğu paylaşılıb. Sorğunun nəticələri özəl sektor şirkətlərinin peşə təhsili sahəsinə birbaşa cəlbini artırmaq məqsədilə gələcək layihə fəaliyyətlərini planlaşdırmaq üçün istifadə ediləcək.

 

Dəyirmi masa tədbirləri Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd peşə təhsilinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa kömək etməkdir. Dəyirmi masaların iyulun sonuna qədər davam etdirilməsi planlaşdırılır.

Xəbər lenti