Logo

Veb proqramlaşdırma yarışının təltifetmə mərasimi

13.07.2021 16:13 383 baxış
IMG

İyulun 13-də "WorldSkills Azerbaijan" platformasının təşkilatçılığı ilə ölkə səviyyəsində keçirilən veb proqramlaşdırma üzrə yarışın bağlanış və təltifetmə mərasimi keçirilib. 

 

Mərasimdə qonaqlara veb proqramlaşdırma yarışı və ümumilikdə "WorldSkills Azerbaijan" platforması haqqında məlumat verilib. 

 

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirakı ilə “Təhsilin rəqəmsallaşması: Perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib. Çıxışçılar XXI əsrdə rəqəmsallaşmanın təhsilin ayrılmaz hissəsinə çevrildiyini və bu prosesin ölkəmizdə də təhsilin bütün sahələrində müşahidə edildiyini vurğulayıblar. 

 

Tədbirin sonunda təhsil nazirinin müavini İdris İsayev yarışın qaliblərini mükafatlandırıb və onlara qiymətli hədiyyələr təqdim edib. 

 

Qeyd edək ki, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan veb proqramlaşdırma yarışı ölkəmizdə "WorldSkills" modelinə uyğun keçirilən ilk yarışdır. Yarışın qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.   

 

"WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən "WorldSkills" hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan "WorldSkills" hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti