Logo

“Qusar open”in qalibləri müəyyənləşib

07.07.2021 09:55 611 baxış
IMG

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda keçirilən “Qusar Open 2021” Beynəlxalq Şahmat turnirinin qalibləri müəyyənləşib. 70-ə yaxın şahmatçının iştirak etdiyi beynəlxalq turnirdə Bakı, Sumqayıt, Xaçmaz, Qusar, Quba rayonları ilə yanaşı Gürcüstan və Rusiya federasiyasından da şahmatçılar iştirak ediblər.

 

Tehsil.biz xəbər verir ki, yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, Təhsil Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev, Şahmat üzrə yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi Fərid Abbasov, Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov iştirak ediblər.

 

Bu Beynəlxalq turnir həm reytinqli, həm də dərəcə normativli yarış hesab olunub. Yarışın baş hakimi Fidan Talıbova idi.

 

Eyni zamanda bu yarış təşkilatçılar tərəfindən pandemiya dövründə açıq havada keçirilən ilk böyük yarışdır. 2004-cü il təvəllüdlü və daha kiçik yaş qrupuna aid olan uşaqların iştirakı ilə keçirilən yarış 9 turdan ibarət olub və dörd gün ərzində davam edib. 

 

​Şahmatçıların gərgin turlardan sonra səmərəli istirahətini təşkil etmək məqsədilə Qusar rayonunun gözəl meşə zolağına gəzintisi və şəhərin mərkəzindəki Ulu Öndər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. 

 

​Günün maraqlı və yaddaqalan hadisələrindən biri də beynəlxalq qrossmeyster Nicat Məmmədov və beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun turnirdə qonaq qismində iştirak etməsi olub. Beynəlxalq qrossmeyster Nicat Məmmədov turnir iştirakçılarına seans verib və müəllifi olduğu "Həlledici taktiki zərbələr" adlı kitabını gənc şahmatçılara təqdim edib. 

 

​Yarışın yekun nəticələrinə əsasən, ümumi hesabda oğlanlar arasında I yeri İbrahim Seyidov, II yeri Rüstəm Rüstəmov, III yeri Paşam Əlizadə, qızlar arasında I yeri Firəngiz Tarverdiyeva, II yeri Əsnad Baxşızadə, III yeri Dəniz Dövlətzadə, 8 yaşlılar qrupunda I yeri Fatimə Mirzəliyeva, II yeri Burzu Sarhad, III yeri Yusif Musasoy, 10 yaşlılar qrupunda I yeri Murad Rzayev, II yeri Ceyhun Zeynalzadə, III yeri Leyla Mirzəliyeva, 12 yaşlılar qrupunda I yeri Kənan İsbatov, II yeri Nursübhan İsmayılzadə, III yeri Rəvan Şatırov, 14 yaşlılar arasında I yeri Rahim Qasımzadə, II yeri Allahverdi Həmidov, III yeri Sahib Əsgərov, 16 yaşlılarda isə, I yeri Mirmehdi Səlifli, II yeri Məhəmməd Əsgərov, III yeri isə Rəşid Səfərov tutublar. 

 

Qaliblərə qiymətli hədiyyələr, diplom və kuboklar təqdim edilib.

Xəbər lenti