Logo

5-8 iyul tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ictimaiyyət üçün “Açıq Qapı” həftəsi keçirilir

05.07.2021 17:55 387 baxış

      05 iyul 2021-ci il tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Şəhər Təhsil İdarəsinin birgə dəstəyilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” həftəsi tədbirinə başlanılıb. Tədbirin məqsədi bir həftə ərzində şagirdlər, valideyn və müəllim kollektivi üçün peşəyönümü istiqamətində maarifləndirmə işləri aparmaq, həmçinin peşə təhsilinin imkanları və düzgün karyera seçimi haqqında məlumat verməkdən ibarətdir.

 

      08 iyul tarixinədək həyata keçiriləcək tədbirə cəmiyyətdə karyera planlaşdırılması üzrə mütəxəssislər, sahibkarlar qonaq qismində dəvət ediliblər. Tədbir həftəsinin birinci günündə çıxış edən biznes kouç və təlimçi Elçin Əzimli iştirakçılara gələcək karyeraları ilə bağlı seçim zamanı diqqət yetirməli olduqları məqamlar haqqında məlumat verib, peşə seçiminin insan həyatındakı rolundan bəhs edib.

 

      Növbəti günlərdə tədbirdə qonaq qismində çıxış edəcək mütəxəssislər arasında Toğrul Ələkbər, Seymur Rəsulov, Elvin Dadaşsoy kimi tanınan simalar da yer alacaqdır. “Açıq Qapı” həftəsi boyunca cəmiyyətdə tanınan karyera planlaşdırılması üzrə mütəxəssislər əmək bazarındakı yeniliklər, peşə seçərkən diqqət edilməli vacib məqamlar, uğurlu karyera qurmağın yollarına dair çıxışlar edəcək və bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. Həmçinin qeyd edək ki, sözügedən tədbirdə  işəgötürənlər sırasından “Avto Azərbaycan”, “Sumqayıt Texnologiya Data Mərkəzi”, “Performance Center, “Ideal Motors”, “Polimart Center” və digər şirkətlərin nümayəndələri iştirak edəcək.  

 

      Tədbir zamanı Mərkəzdə tədris edilən ixtisaslar, təhsilin formatı, işəgötürənlərlə əlaqələr, uğurlu məzunlar və qəbul qaydaları haqqında qonaqlara ətraflı təqdimatın edilməsi nəzərdə tutulub. Hər bir tədbir gününün sonunda tədbir iştirakçıları Mərkəzin maddi-texniki bazası və emalatxanalarla tanış olmaq üçün infotur və master-klassların təşkilində iştirak edə biləcəklər. Müzakirələrdə aktiv iştirak edən iştirakçılar təşkilatçılar tərəfindən mükafatlandırılacaq. Geniş ictimaiyyət üçün açıq olan tədbirə qatılmaq istəyən hər bir kəs cari həftə ərzində saat 11:00-dan 16:00-dək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yaxınlaşa bilər.

– / 1

Xəbər lenti