Logo

“Peşə təhsili və insan kapitalı” jurnalının növbəti sayı

04.07.2021 12:40 387 baxış
IMG

“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın 2021-ci il üçün 2-ci nömrəsi çapdan çıxıb. Jurnalın bu sayında pedaqogika bölməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra  müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İlyasovun “Yuxarı sinif şagirdlərinin peşə özünütəyininə pedaqoji rəhbərlik” adlı məqaləsi dərc olunub. Məqalədə yuxarı sinif şagirdlərinin özünütəyini məsələsinin ölkənin sosial-iqtisadi inkişafına müsbət təsiri ətraflı tədqiq olunub.

 

Bu bölmədə həmçinin Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Həsən Bayramovun “Peşə təhsili sistemində baza peşə hazırlığının infokommunikativ kompetensiyaların formalaşdırılmasının prinsipləri, metodik təminatı və texniki-texnoloji məzmunu”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi Şahrza Ağayevin “Peşə pedaqogikası və reallıqlar”, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradovanın “Yeniyetmələrlə cinayət əməllərinə qarşı aparılan tədbirlərin aradan qaldırılması yolları”, ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi Kəmalə Qayıbovanın “İstedadlı gənclərdə yaradıcı təxəyyülün inkişaf etdirilməsi məsələləri” mövzularında yazıları öz əksini tapıb.

 

Jurnalın bu sayında oxucular adları qeyd olunanlarla yanaşı, həmçinin iqtisadiyyat,  texnika, idarəetmə,  metodika və innovasiyalar bölmələri üzrə də  bir-birindən maraqlı məqalələrlə, elmi, metodiki yazılarla tanış ola bilərlər.

 

Qeyd edək ki, təsisçisi Azərbaycan Respublikası Təhsil Nazirliyi olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnal  ildə 4 dəfə nəşr olunur. Jurnalda pedaqogika, texnika, iqtisadiyyat, informatika, ekologiya və digər fundamental elm bölmələri üzrə məqalələr, metodiki yazılar verilir.

 

Oruc MUSTAFAYEV

Xəbər lenti