Logo

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” qeyd olunub

30.06.2021 14:04 508 baxış
IMG

İyunun 30-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

 

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev son illərdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Nazir bildirib ki, işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının onların tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi strateji hədəflərdən biri kimi qiymətləndirilir.

 

Emin Əmrullayev vurğulayıb ki, 2020-2021-ci tədris ilində məzun olan tələbələr Zəfər ilinin məzunlarıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Növbəti hədəf işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılmasıdır. İnanıram ki, məzun olan peşə təhsili tələbələri bu torpaqlarda aparılan quruculuq işlərinə öz töhfələrini verəcəklər, əmək fəaliyyətinə işğaldan azad olunan torpaqlarımızda başlayacaqlar.

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 2020-2021-ci tədris ilində mərkəzdə təhsil alan 594 nəfərdən 423-ü məzun olur. Tədris ilində təhsilalanların 323 nəfəri Koreya standartlarına əsaslanan kurrikulumla, 271 nəfər isə ənənəvi proqrama əsaslanan texniki peşə təhsili proqramı əsasında təhsil almaq imkanı əldə edib. İlk dəfə olaraq 2020-2021-ci tədris ilindən mərkəzdə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisə başlanılıb, hazırda nəqliyyat vasitələrinin texniki istismarı və kompüter sistemlərində proqram təminatı ixtisaslarında 40 nəfər təhsil alır. Təhsilalanlar sırasında 35 ali təhsilli tələbə var. Mərkəzin tələbələri arasından 9 nəfər İkinci Qarabağ müharibəsində iştirak edib, medal və ordenlərlə təltif olunub. Mərkəzin tələbəsi Şəhriyar Qasımov İkinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı şəhid olub.

 

O diqqətə çatdırıb ki, hazırda mərkəz 50-yə yaxın yerli və xarici şirkətlərlə müxtəlif layihələr və məşğulluq istiqamətində iş aparır. 2020-2021-ci tədris ilində məşğulluğun təmin olunması məqsədilə mərkəzdə ixtisasartırma və təlim kursları təşkil edilib və 250 nəfər bu kurslardan yararlanıb.

 

“Auto Azerbaijan” MMC-nin İdarə heyətinin sədri Emil İsmayılov müasir dövrdə nəzəri biliklərlə yanaşı praktiki bacarıqların təhsilin əsas hissəsi olduğunu vurğulayıb. O bildirib ki, Koreya standartları əsasında qurulan mərkəzdə hazırlanan ixtisaslı kadrlar sənaye istiqamətində işçi qüvvəsinə olan tələbatın ödənilməsinə öz töhfəsini verəcək.

 

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi işəgötürənlər, müəllimlər, fəxri məzunlar və valideynlər iştirak ediblər.

Xəbər lenti