Logo

Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması üçün yeni metod işlənir

21.06.2021 17:58 411 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusu müzakirə olunub.

 

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, böyük elmi işçi Könül Daşdəmirova dissertasiya işinin qısa xarakteristikası haqqında məlumat verib. Mövzunun aktuallığını önə çəkən tədqiqatçı hazırda insan fəaliyyətinin bütün sahələrində İKT-nin tətbiqinin sosial inkişafın vacib elementi hesab edildiyini söyləyib. O, yeni texnologiyalardan və informasiyadan insanların düşüncəsini, davranışını manipulyasiya etmək, onların mənəvi-psixoloji sağlamlığına zərər vurmaq üçün də istifadə edildiyini, kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibəsi təhlükələrinin artdığını diqqətə çatdırıb.

 

Tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən söz açan məruzəçi, buraya informasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərinin analizi, şəbəkələşmiş cəmiyyətin internet sosiotexnoloji problemləri və onların təhlili, informasiya təhlükəsizliyinə yönəlmiş mənbələrin tədqiqi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi və s. aid olduğunu nəzərə çatdırıb.

 

Sonda müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

Xəbər lenti