Logo

Paytaxt məktəbliləri beynəlxalq arenada

21.06.2021 13:45 687 baxış
IMG

Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.

 

Tehsil.biz-in məlumatına görə, Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar. 

 

Sankt-Peterburqda keçirilən 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.

 

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə  ki, riyaziyyat fənni üzrə  220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş medal,  72 nömrəli məktəb-liseyin X sinif şagirdi Cavad İsmayılzadə və 117 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov bürünc medalın sahibi olub.

 

Bakı şəhəri  249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı  Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində böyük uğura imza atıb. A.Süleymanlı 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi adını qazanıb. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.

 

82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən "Tokio 2021" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda II yeri tutub və gümüş medala layiq görülüb.

 

Paytaxtın 265 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Nicat Hüseynov Polşanın Keltse şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində bürünc medala layiq görülüb.

 

“Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda - 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli,  Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, 287 nömrəli “Zəkalar liseyi”ndən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlərin iştirak etdiyi tədbirdə komandamız II yerə layiq görülüb.

 

189-190 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Musa Məmmədov “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasında ölkə üzrə 12-ci yeri, dünya üzrə 128-ci yeri tutub.

Xəbər lenti