Logo

Şabran şəhər 1 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri baş tutub

14.06.2021 15:21 810 baxış
IMG

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

 

Şabran şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Firudin Qurbanov, Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Ağayev, Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov, müəllim və şagirdlər iştirak ediblər.

 

Tehsil.biz xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov 2020-2021-ci tədris ilinə təsadüf edən Azərbaycanın tarixi qələbəsindən söz açıb. Təhsil işçilərinin Zəfərin qazanılmasındakı rolunu qeyd edən nazir müavini döyüşə yollanan bütün təhsil işçilərinə təşəkkürünü ifadə edib, şəhidlərə Allahdan rəhmət diləyib.

 

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini bir daha diqqətə çatdıran Firudin Qurbanov məzunları təbrik edərək, onlara öz tövsiyələrini çatdırıb.

 

Sonra Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov çıxış edərək tədris ilinin yekunları barədə məlumat verib. Bildirilib ki, bu il rayon üzrə 500 XI sinif şagirdi məzun olur.

 

Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Xəbər lenti