Logo

14 iyun – Ümumdünya Qan Donoru Günüdür

14.06.2021 09:46 857 baxış
IMG

Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hemotoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparat ilə əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar.

 

Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. 

 

2005-ci ilin mayında Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib. Bu günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.

 

Bu günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır.


Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması, könüllü qan donorluğunun təbliğ və təşviq edilməsi bu sahədə başlıca hədəflərdən biridir.

Xəbər lenti