Logo

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

10.06.2021 15:42 381 baxış
IMG

Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseydə “Zəfər yürüşü” adlı tədbir keçirilib.

 

Şəhid Rəfael Hüseynov və şəhid Şükürlü Nicatın xatirəsinə həsr olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Səbail Rayon YAP təşkilatının sədri Şəmsəddin Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Rövşən Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, hüquq-mühafizə orqanlarının rəhbərləri,  Bakı Slavyan Universitetinin, Səbail Rayon Bələdiyyəsinin və YAP təşkilatının nümayəndələri, şəhidlərin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu olduğunu söyləyib.

 

M.Vəliyeva şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyəti barədə danışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Vətən Müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə hərtərəfli təqdim etmək üçün məktəbdə ekspozisiyaların təşkilinin yaradıcı mühitdən və təşəbbüskarlıqdan xəbər verdiyini söyləyib. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhid ailələrinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürləri bildiriblər.

 

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

 

Qeyd edək ki, məktəb-liseyin foyesində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və qəhrəman qazilərin xatirəsinə həsr olunmuş bölmələr yaradılıb. Birinci bölmə I Qarabağ Müharibəsində və Vətən Müharibəsində şəhid olan məzunların, II və III bölmə Vətən Müharibəsində iştirak edən məzunların stendlərindən ibarətdir. IV bölmədə “Qarabağ Azərbaycandır!” şüarı və işğaldan azad edilmiş rayonlarımızın xəritələri, işğaldan azad olunma tarixləri, rayonların ərazisi, “Dəmir yumruq” və hər rayonun azad olunan zaman Ali Baş Komandanın dediyi sitatlar göstərilib. Foyedə həm də məktəbin adını daşıdığı Birinci Qarabağ Müharibəsi şəhidi Rəfail Hüseynovun və Vətən Müharibəsi şəhidi olan Nicat Şükürlünün büstləri qoyulub.

Xəbər lenti