Logo

Gəncədə 15 şagird xəsarət alıb

16.10.2020 16:17 558 baxış
IMG

Ermənistan ordusunun Gəncəyə raket hücumları üzündən 12 gündür ki, ölkənin ikinci şəhərinin təhsul müəssisələrində əyani təhsilin aparılması qeyri-mümkündür.

Oktyabrın 4-də Gəncəyə endirilən ilk raket zərbələrindən sonra şagirdlərin və müəllimlərin təhlükəsizliyi üçün əyani təhsil dayandırılıb.

Bu vəziyyət Mehdi Mehdizadə adına 4 saylı xarici dillər təmayüllü tam orta məktəbdə yaranıb. Bu məktəb Gəncənin qabaqcıl təhsil müəssisələrindən biridir, məzunlarının 80 faizə yaxını tələbə adına qazanır. 3000-dən çox şagirdin təhsil aldığı orta məktəbdə tədrisin təxminən 70 faizi rus dilində aparılır. Lakin indi bu məktəbdə tədrisin davam etdirilməsi çox ciddi riskdir.

Bu vəziyyət təkcə 4 saylı orta məktəbdə deyil. 8 günlük intensiv raket atəşi nəticəsində bir neçə orta məktəbə ziyan dəyib.

Ermənistanın dövlət terroru təkcə məktəb binalarına ziyan dəyməsi, təhsildə fasilə yaranması ilə nəticələnməyib. Raket hücumları nəticəsində 15 şagird xəsarət alıb, onlarla orta məktəb şagirdi yaşayış yerini itirib. Tədris bərpa olunanda bu şagirdlər dərsə öz evlərindən yox, dövlət tərəfindən təmin edilmiş kirayə evlərdən getməli olacaqlar. Bəzilərinin isə dərsə gedəcəyi məktəblərin bərpasına vaxt lazımdır.

Gəncədə iki şagird Ermənistan ordusunun raket hücumu nəticəsində hər iki valideynini ititirb.

Gəncədəki uşaq bağçalarına da raket hücumu nəticəsində ciddi ziyan dəyib, bəziləri qəzalı vəziyyətə düşüb.

54 saylı körpələr evi-uşaq bağçası 100 yerlikdir. Sentyabrın 27-də Ermənistan ordusunun növbəti hərbi təxribatına, bunun davamı olaraq Gəncənin hədəfə alınmasına qədər bağçada bütün yerlər dolu olub, binadan körpə səsləri gəlib. İndi isə boş otaqlarda yalnız yerə səpələnmiş şüşə qırıqlarının səsi gəlir. Bu bağçada tərbiyə alan azyaşlılardan da valideynini, yaşayış yerini itirənlər var.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 3-ü uşaq olmaqla, 47 azərbaycanlı mülki şəxs öldürülüb, 15-dən çoxu uşaq yaralanıb, 38 məktəb də daxil olmaqla mülki obyektlər dağıdılıb.

Xəbər lenti