Logo

Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqə keçiriləcək

10.06.2021 13:01 474 baxış
IMG

Məktəblilər arasında proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edilir.

 

Müsabiqənin təşkilində məqsəd məktəblilərin rəqəmsal dünya, informatika elmi, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə V-VII sinif şagirdləri iştirak edə bilərlər.

 

Müsabiqəyə qeydiyyat iyunun 10-dan 20-dək davam edəcək. Qeydiyyat üçün müvafiq linkə daxil ola bilərsiniz: Müsabiqəyə qeydiyyat 

 

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 27-də onlayn şəkildə keçiriləcək. Final mərhələsinin növbəti tədris ilinin əvvəlində təşkili nəzərdə tutulur. Yekunda qalib məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər.

 

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrindən ümumilikdə 25 medal qazanıblar.

Xəbər lenti