Logo

Azərbaycan - Türkiyə münasibətləri dünyanın həsəd apardığı münasibətlərdir

09.06.2021 11:16 68 baxış

Yeni-müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həm siyasi, həm də iqtisadi, mənəvi eləcə də coğrafi strateji mahyyəti ilə öz təsdiqini tapmışdır. Tarixi əbədi dostluq qarşılıqlı etimad səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri və dostluğu daim inkişaf etməkdə, möhkəmlənməkdədir. Bu dostluq hər iki ölkə başçısının səyləri nəticəsində özünün bu gün ən yüksək səviyyəsinə çatmışdır. Atılan bütün addımlar, qardaşlıq və əməkdaşlığın davamlı inkişaf etdirilməsi hər iki dövlət başçısı, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə qardaşlıq nümayiş etdirmələri, necə deyərlər  Əliyev-Ərdoğan birliyi, onların həmrəyliyi bir-birinə “qardaş” deyərək müraciət etmələri dünya birliyi və xalqımız üçün bir nümunə, qürur və fəxarət mənbəyidir. Azərbaycan-Türkiyə dostluğu iqtisadi sferada da, özünün ən yüksək inkişaf dövrünü yaşayır. Münasibətlər ticarət dövriyyəsinin də həcminin artmasına təkan vermişdir. Bu sahədə mütəmadi mühüm addımlar atılmaqdadır. Belə ki, Türkiyə və Azərbaycan arasında qaz satışı və nəqli enerji siyasətində mühüm faktorlardan biridir. Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərinin istifadəyə verilməsi hər iki ölkənin və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir. İşğal altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün 27 sentyabr 2020-ci ildə ordumuzun əks hücuma keçdiyi zaman Türkiyə dövləti və onun prezidentinin dövlətimizə göstərdiyi mənəvi və diplomatik dəstək qardaşlığın ən böyük və bariz nümunəsi idi. Bu 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinə digər dövlətlər tərəfindən göstərilən təzyiq öz səmərəsini vermədi və Türkiyə dövləti qardaşlıq mövqeyindən bir addım da geri çəkilmədi. Sona qədər qardaşının yanında olan Türkiyə bu qardaşlığın əbədi olacağını əməldə sübut etdi. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bu gün siyasi müstəvidə də özünü göstərməkdədir. Bu ilin iyun ayının əvvəllərində Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə qardaş ölkəyə səfəri, cənab Ərdoğan tərəfindən nümayəndə heyətimizin qəbul edilməsi deyilənlərə nümunədir.  YAP və AKP arasında əlaqələrin bundan sonra daha yüksək səviyyədə inkişaf etməsi üçün ən yüksək səviyyədə təmasların qurulması həm vacib, həm də önəmlidir. İki qardaş ölkənin hakim partiyaları, YAP və AKP sədrlərinin-dövlət başçılarının bir amal uğrunda mübarizəsi milli ideologiyanın, sosial layihələrin, qarşılıqlı təcrübənin, beynəlxalq çərçivədə birgə fəaliyyətin inkişafına böyük təkan verəcəkdir. Böyük Atatürk demişdir “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Bu kəlamlarda Azərbaycan və Türkiyənin əbədi dostluğu və qardaşlığı görünməkdədir. Təkcə onu qeyd etmək istərdim ki, bu gün ölkəmizdə və ölkəmizin ən ucqar rayon və kəndlərində yaşayan sadə insanlar tərəfindən Azərbaycan bayrağının sırasında əzəmətli türk bayrağının dalğalandırılması, bir daha hər iki xalqın qarşlıqlı sevgisindən, məhəbbətindən xəbər verir!

 

             Oruc Hüseynov
             Neftçala rayon sakini, müəllim, ziyalı

Xəbər lenti