Logo

Bakı Dövlət Universitetində beynəlxalq layihə çərçivəsində görülən işlər yüksək qiymətləndirilib

14.10.2020 17:46 440 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İsveçin Linkopinqs Universitetinin koordinatorluğu ilə həyata keçirilən Erasmus+ KA2 “MAGNUS - Partnyor universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramının hazırlanması” layihəsi çərçivəsində keçirilən növbəti onlayn iclasda iştirak ediblər.

 

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, iclasda BDU-da həyata keçirilən “Tərəfdaş universitetlərdə mobil tətbiqetmələrdə və oyun dizaynında magistr proqramlarının inkişafı” layihəsinin gedişi barədə ümumi məlumat verilib, universitetdə layihə çərçivəsində görülən işlər yüksək qiymətləndirilib.

 

Tərəflər arasında aparılan danışıqlara əsasən, layihənin davam etdirilməsi və daha da təkmilləşdirilməsi barədə qərar qəbul olunub. Layihənin məqsədi Bolonya sisteminə uyğun olaraq yüksək səviyyəli magistr proqramını tətbiq etməklə Rusiya və Azərbaycan universitetlərində informasiya texnologiyaları sahəsində təhsilin keyfiyyətinin artırılması və daha çox sayda təhsil alanın işlə təmin olunmasıdır.

 

Xatırladaq ki, Bakı Dövlət Universiteti layihəyə 2018-ci ildən qoşulub.

Xəbər lenti