Logo

Respublika turnirinin zona mərhələsi üzrə növbəti yarışlar keçirilib

03.06.2021 11:45 433 baxış
IMG

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan idman növləri üzrə zonalarda növbəti yarışlar keçirilib.

 

Atletika idman növü üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fubol meydançasında, voleybol idman növü üzrə Göyçay Olimpiya İdman Kompleksində, basketbol idman növü üzrə Göygöl Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Xaçmaz Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.

 

Zona mərhələsinin nəticələrinə görə, atletika idman növü üzrə I yerə Nərimanov rayonu, II yerə Xətai rayonu, III yerə Xəzər rayonun məktəbliləri, voleybol idman növü üzrə I yerə Göyçay rayonu, II yerə Ağsu rayonu, III yerə Oğuz rayonunun məktəbliləri, basketbol idman növü üzrə I yerə Gəncə şəhəri, II yerə Göygöl rayonu, III yerə Mingəçevir şəhərinin məktəbliləri, mini futbol idman növü üzrə I yerə Xaçmaz rayonu, II yerə Quba rayonu, III yerə Siyəzən rayonunun məktəbliləri layiq görülüb.

 

Turnirin əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

 

Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.

 

Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.

 

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.  

 

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti