Logo

Bakı Dövlət Universitetinin tələbələri “Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayıb

14.10.2020 13:50 557 baxış
IMG

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, mülki əhalini hədəf alaraq, iriçaplı silahlar, müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başladı. Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Bundan sonra qüdrətli Azərbaycan Ordusu əks-hücuma keçdi. O gündən Silahlı Qüvvələrimiz düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini, döyüş texnikasını aşkar edərək məhv edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə tarixi ədalət bərpa olunur. Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpa olunmasında mütəşəkkildir. Ölkə gəncliyi istər cəbhədə misilsiz rəşadəti, istərsə də informasiya müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin (BDU) tələbə-gəncləri də haqq mübarizəsində daima ön sıralarda qərarlaşıblar. Universitetin Filologiya fakültəsinin tələbəsi Ələkbər Həsənov "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayaraq videoçarx hazırlayıb.

 

Bu barədə Tehsil.biz-ə BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun tələbə-gəncləri hər an Ali Baş Komandanın, qüdrətli ordumuzun yanında olduqlarını, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbər olduğunu qeyd ediblər. Ə.Həsənov layihənin təşkilinə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinə və Tələbə Gənclər Təşkilatının üzvlərinə təşəkkürünü bildirib.

Xəbər lenti