Elm və Təhsil Nazirliyinin akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında bu müəssisənin cari il üçün yekun hesabatı dinlənilib.
Bu barədə TƏHSİL.BİZ-ə institutdan bildirilib.
İclasda institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, bu il fundamental və tətbiqyönlü elmi nəticələr əldə olunub, həmin nəticələr beynəlxalq bazalarda referatlaşan yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda, institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.
Sonra AMEA-nın müxbir üzvü, institutun icraçı direktoru Məhəmməd Babanlı elmi və elmi-təşkilati işlər barəsində ətraflı məruzə edib.
Elm və təhsilin inteqrasiyası məsələlərindən danışan məruzəçi bildirib ki, institutda Bakı Dövlət Universitetinin Ümumi və qeyri-üzvi kimya və Fiziki və kolloid kimya kafedralarının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının filialları fəaliyyət göstərir. Eyni zamanda, il ərzində bir sıra ali təhsil müəssisələrinin bakalavriat və magistratura tələbələri institutda təcrübə keçiblər.
İnstitutun 26 əməkdaşı Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə elmi iş müəlliflərinin balının hesablanması qaydasına və 2019-2024-cü illəri əhatə edən məqalələrin elmmetrik göstəricilərinə əsasən A, B, C kateqoriyaları üzrə mükafatlandırılıblar.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.