"Məktəbəqədər təhsil müəssisələrində bir qrupa 20-dən çox uşaq götürmək maliyyə pozuntusudur. Biz buna ciddi şəkildə nəzarət edirik".
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
Nazir qeyd edib ki, məktəbəqədər təhsil tam mərkəzləşdirilib və valideynlər evlərindən çıxmadan övladlarını bağçaya qeydiyyata saldıra bilirlər:
"Artıq bağça müdiri ilə ünsiyyət qurmağa ehtiyac yoxdur. Müəyyən qədər yer çatışmazlığımız var. Bu istiqamətdə xeyli iş görməyə başlamışıq. Müxtəlif layihələr çərçivəsində bu yerləri artırırıq.
Elektron sistemlər tətbiq olunanda müşahidə etmişik ki, bəzi uşaqların adı həm bağçada, həm də məktəbdə gedir. Biz bunu sistemdə görəndə onu bir yerdə saxlayırıq və bu da müəyyən qədər valideynlərin narazılığına səbəb olur.
Lakin valideynlər başa düşməlidir ki, uşaq bir müəssisədə qeydiyyatda ola bilər.
Bu sistem bizə hansı bölgədə nə qədər məktəbəqədər yer olduğunu bilməyə imkan verir. İnandığım odur ki, bu rəqəm məktəbəqədər təhsilin hara getdiyini göstərən ən yaxşı statistikadır".
Nazir əlavə edib ki, bəzi regionlarda məktəbəqədər təhsil müəssisələrində boş yerlər olsa da, iri şəhərlərdə yer sıxlığı yarana bilir: “Buna görə də boşluq olan ərazilərə ayrılan maliyyənin digər ərazilərə yönəldilməsi planlaşdırılır.