Logo

Pensilvaniya Universitetində azərbaycanlı tələbələrin klubu yaradılıb - FOTO

26.01.2024 15:04 154 baxış
IMG

ABŞ-nin Pensilvaniya Universitetində təhsil alan azərbaycanlı tələbələrin Pensilvaniya Azərbaycanlı Tələbələr Klubu fəaliyyətə başlayıb.

Tehsil.biz xəbər verir ki, azərbaycanlı tələbələr arasında birliyin, həmrəyliyin, onların əlaqə, təcrübə mübadiləsi, akademik və sosial cəhətdən inkişafı üçün dəstəkləyici platformanın yaradılması məqsədilə təsis edilən klubun fəaliyyət istiqamətlərinə Pensilvaniya ştatında Azərbaycan həqiqətlərinin, xalqımızın zəngin mədəni irsi haqqında məlumatlılığın artırılması və mədəniyyətlərarası anlaşmanın təşviq edilməsi də daxildir.

Artıq klubun təşkilatçılığı ilə universitet daxilində Azərbaycan milli mətbəxinə həsr olunmuş iki tədbir keçirilib. Tələbə kampusunda baş tutan tədbirlər polya, gürcü və qazax klubları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində gerçəkləşdirilib.

Qeyd edək ki, klubun rəhbəri Lalə Mustafanın universitetin “Daily Pennsylvanian” qəzetində “Azərbaycanın Dağlıq Qarabağda milli müdafiəsi: yanlış məlumatlara qarşı mübarizə” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Qarabağın Azərbaycanın əzəli torpağı olması, xalqımızın mədəniyyətində yeri, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar, etnik təmizləmə, soyqırımı, terror siyasəti yürütdüyü, BMT Təhlükəsizlik Şurası qətnamələrinin bunu təsdiqlədiyi, multikultural dəyərlərə malik Azərbaycanın beynəlxalq qanun normaları çərçivəsində hərəkət etdiyi, II Qarabağ müharibəsindən sonra Ermənistanın Üçtərəfli Bəyannamənin şərtlərini dəfələrlə pozduğu, saxta iddialar irəli sürdüyü, etnik ermənilərin könüllü şəkildə Qarabağı tərk etdikləri, Azərbaycanın Cənubi Qafqaz bölgəsində sülh və normallaşma münasibətlərinin bərqərar olmasına ciddi səylər göstərdiyi və sair məsələlər yer alıb.

 

Xəbər lenti