Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının “Erasmus+” proqramına həsr edilmiş seminar keçirilib.
Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədbiri AMEA Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva açaraq Avropa Komissiyasının “Horizon Avropa” və “Erasmus+” proqramları, onların geniş imkanları haqqında ümumi məlumat verib.
Seminarda “Erasmus+” Azərbaycan ofisinin direktoru Pərviz Bağırov proqram haqqında təqdimatla çıxış edib. O, təqdimatında təhsil, treyninq, gənclik və idmanı dəstəkləyən “Erasmus+” proqramının institusional və fərdi klasterlərinə yer ayırıb. Qeyd edilib ki, proqram beynəlxalq kredit mobilliyi, “Erasmus Mundus”, ali təhsildə potensialın gücləndirilməsi, “Jan Mone” fəaliyyətlərini dəstəkləyir. Proqramın imkanlarından tələbələr, akademik və administrativ heyətlər yararlana bilər.
Bu proqram Avropa təcrübəsinin öyrənilməsi və qabaqcıl təcrübənin tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və daha böyük layihələrə qoşulmaq üçün geniş imkanlar açır. P.Bağırov bu istiqamətdə ADA Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universitetinin uğurlu təcrübəsini diqqətə çatdırıb.
Məruzəçi Azərbaycanın elm və təhsil müəssisələrinin qoşulduğu konsorsiumlar və həyata keçirilən çoxtərəfli layihələr haqqında məlumat verib. Bu istiqamətdə AMEA-nın uğurla iştirak etdiyi layihələri nümunə kimi göstərərək iştirakçıları “Erasmus+” proqramından istifadədə fəal olmağa təşviq edib. Seminarda P.Bağırov proqramdan istifadə üzrə əyani təlimatlar da təqdim edib.
Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Seminarda “Erasmus+” proqramı ilə əlaqəli yeniliklərin mütəmadi olaraq paylaşılması üçün AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsi ilə birlikdə AMEA-nın elmi müəssisələrinin beynəlxalq əlaqələr üzrə mütəxəssislərindən ibarət şəbəkənin yaradılması təklif edilib.