Logo

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib - FOTO

07.05.2024 20:04 170 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrə növbəti dəfə baxış keçirilib. AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə Müsabiqə Komissiyasının üzvləri və layihələrin müəllifləri olan akademiya əməkdaşları iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müsabiqəyə təqdim edilmiş hər bir işin yüksək tələblərə cavab verdiyini, müəlliflərin yaradıcılığını, fantaziyasını və bədii düşüncələrini əks etdirdiyini söyləyib. Qeyd edib ki, bir neçə gün öncə Müsabiqə Komissiyasının üzvləri və müəlliflərin iştirakı ilə layihələrə baxış keçirilib, geniş müzakirələr aparılıb, müsabiqənin şərtlərinə uyğun təkliflər səsləndirilib. O, səsləndirilən təkliflərin müəlliflər tərəfindən nəzərə alındığını və yenidən Müsabiqə Komissiyasının növbəti müzakirəsinə çıxarıldığını deyib. Akademiya prezidenti bildirib ki, yenilənmiş layihələr Azərbaycanı, AMEA-nı, milli çalarlarımızı, inkişafımızı, eləcə də müasir dünya elmini mükəmməl əks etdirir və təsviri sənət gözü ilə baxsaq, simvolik təsvirlər loqo ilə tanış olanlara çox fikri ifadə edir.

Sonra akademik İsa Həbibbəylinin, AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin, Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin və həmin institutun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun iştirakı ilə yenilənmiş layihələrə baxış keçirilib, geniş müzakirələr aparılıb.

Müsabiqə Komissiyası tərəfindən AMEA-nın “Elm” nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmovanın müəllifi olduğu ümumiləşdirilmiş loqonun yekun qiymətləndirmə üçün AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarılması qərara alınıb.

Şəlalə Rüstəmova tərəfindən ümumiləşdirilmiş layihədə müəllifin “bina”, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi dosent Rizvan Babaşovun “qlobus”, həmin institutun kiçik elmi işçisi Oksana Məmmədovanın “kitab”, Şərqşünaslıq İnstitutunun elmi işçisi Röya Mirzəbəyovanın “alov”, Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın “bayraq” simvolları və Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Namazovanın “AMEA” sözləri əks olunub.

Həmçinin Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın müəllifi olduğu layihə ən yaxşı bədii təsvir vasitəsi kimi qəbul edilib.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Müsabiqə Komissiyasının üzvlərinə və layihə müəlliflərinə təşəkkür edib, müsabiqədə iştirak edən hər bir əməkdaşın qiymətləndiriləcəyini söyləyib.

Xəbər lenti