Naxçıvan Müəllimlər İnstitutunda “Ali pedaqoji məktəblərdə elm və təhsil: dünya təcrübəsi və Azərbaycan” mövzusunda əyani və videobağlantı formatında beynəlxalq elmi konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd müasir dünyada ali məktəbin transformasiyası, yaxın gələcəkdə və perspektivdə ali məktəbin missiya və funksiyalarına yeni baxışlar, ali təhsil sistemində idarəetmə, müasir ali pedaqoji təhsilin məzmunu və keyfiyyətinin əsas inkişaf istiqamətləri, ali pedaqoji təhsil sistemində elmi tədqiqatların məqsəd, strategiya və fəaliyyət istiqamətləri, ali təhsil, elm və innovasiyanın vəhdəti, elm və ali təhsil təşkilatçılarının, müxtəlif ali məktəblərin professor-müəllim heyətləri nümayəndələrinin fikirlərini və tədqiqatçıların əldə etdikləri elmi nəticələri paylaşmaq və digər məsələlər üçün təkliflər hazırlamaqdan ibarətdir.
Konfransın açılış mərasimində və plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Rusiya Federasiyasından Cənub Universitetinin rektoru İmran Əkbərov, Rusiya Təhsil Akademiyasının müxbir üzvü Vaqif Bayramov, Bakı şəhərindən Təhsil İnstitutunun direktor müavini İlham Cavadov və tədqiqatçı-professor İntiqam Cəbrayılov, Şimali Makedoniyadan Beynəlxalq Balkan Universitetinin professoru Marija Stevkovska və başqaları çıxış ediblər.
Hibrid (əyani və videobağlantı) formatda, Azərbaycan, ingilis, rus və türk dillərində aparılan beynəlxalq elmi tədbirdə səsləndirilən çıxışlarda və elmi məruzələrdə qeyd olunub ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təhsilinin Avropaya inteqrasiya etdiyi bir vaxtda məhz ali təhsil sosial – iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bu səbəbdən də son illərdə ali pedaqoji təhsilin məzmunu milli dövlətçilik prinsipləri və azərbaycançılıq ideologiyasına uyğun yeniləşdirilib, bu təhsil pilləsində əsaslı islahatlar aparılıb, ölkənin ehtiyaclarına uyğun rəqabətə davamlı kadr hazırlığı və insan kapitalının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Plenar müzakirələrdə ali pedaqoji məktəblərdə elm və təhsil sahəsində dünya təcrübəsi diqqətə çatdırılıb, aparılan tədqiqatların əhəmiyyəti və gələcək perspektivlər şərh olunub.