Logo

AMEA-nın Naxçıvan Bölməsində elmi konfrans keçirilib - FOTO

25.10.2023 11:11 170 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində Əlyazmalar Fondunun təşkilatçılığı ilə “Azərbaycan elminin inkişafında Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” mövzusunda elmi konfrans keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq konfransın AMEA Rəyasət Heyətinin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqədar təsdiq etdiyi Tədbirlər planına əsasən keçirildiyini bildirib.

İsmayıl Hacıyev söyləyib ki, 1923-cü il noyabr ayının 2-də təsis edilmiş Cəmiyyətin 6 illik fəaliyyətindən sonra onun əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutu, sonralar SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı, nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının sələfi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmimizin təşkilatlanmasında və sistemləşdirilməsində olduqca böyük rolu vardır. 1926-cı ildə I Türkoloji Qurultayın keçirilməsi Cəmiyyətin ən təqdirəlayiq tarixi xidmətlərindəndir.

“Elmin gücünə əsaslanan cəmiyyət daim inkişaf edir”, - deyən bölmə sədri Tədqiq və Tətəbbö Cəmiyyətinə rəhbərlik etmiş elm adamları, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə bağlı araşdırma aparmış alimlər və dərc olunmuş əsərlər barədə məlumat verib.

Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Ədəbi-mədəni mühitin öyrənilməsində Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu”, Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Naxçıvanda fəaliyyət göstərən Tədqiq və Tətəbbö Cəmiyyəti”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvanın ilk elmi qurumunun sədri: Mirzə Vahab Həsənzadə” mövzusunda məruzələr ediblər.

Məruzələrdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təsis edilməsi, məhsuldar və məzmunlu fəaliyyəti, üzvləri, nəşr etdirdiyi əsərlər barədə məlumat verilib. Qeyd olunub ki, Nizamnaməsində Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, məişətini, etnoqrafiyası, milli psixologiya və xalq fəlsəfəsinin öyrənilməsi kimi mühüm məqsədlərin yer aldığı qurum fəaliyyəti dövründə əhəmiyyətli işlər görmüşdür. Dövrün tanınmış elm adamları, tədqiqatçıları ilə əməkdaşlıq edən Cəmiyyət sələfi olduğu elmi-tədqiqat müəssisələri üçün möhkəm bünövrə formalaşdırmışdır.

Məruzələrdə, həmçinin Naxçıvanda fəaliyyət göstərən Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, strukturu, günümüzədək gəlib çatmış arxiv sənədləri, habelə bölgənin tədqiqinə və xalqın maarifləndirilməsinə məqsədilə görülən işlərdən söz açılıb. Cəmiyyətə sədrlik etmiş Mirzə Vahab Həsənzadənin keşməkeşli həyatı və elmi fəaliyyətinin geniş şərh olunduğu məruzələrdə milliliyə xidmət etmiş Cəmiyyət üzvlərinin araşdırmaları, topladıqları və nəşr etdirdikləri əsərlər barədə də ümumiləşdirici məlumat verilib.

Sonda məruzəçilərin toxunduğu bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti