Logo

“Bani” kitabının kitab təqdimatı olub

16.10.2023 09:46 260 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində Asif Kəngərlinin “Bani” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Asif Kəngərli haqqında ümumi məlumat verib. O bildirib ki, ixtisasca həkim olmasına baxmayaraq Asif Kəngərli həm də qələmini uğurla sınaqdan keçirmiş, xalq dilinə yaxınlığı ilə seçilən maraqlı kitablar ərsəyə gətirmişdir. Onun “Bəla”, “Tütünçəkmə barədə hər şey”, “Alkoqol - sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Narkotik maddə - ailəvi qırğın “silahı” adlı maarifləndirici kitabları günümüzün bəlasına çevrilmiş zərərli vərdişlərin ağır fəsadlarını cəmiyyətə çatdırmaq kimi mühüm bir missiya daşıyırlar.

Asif Kəngərlinin yeni çap olunan “Bani” adlı tarixi, bədii-sənədli povesti isə babası, Sosialist Əməyi Qəhrəmanı Əli Məmmədova həsr olunub. Kəngərlilərin təkcə döyüş bacarıqları ilə deyil, əməyə münasibətdə də fərqləndiklərini qeyd edən akademik deyib ki, müəllif burada Şahtaxtı və Böyükdüz kəndlərinin timsalında Naxçıvanın tarixinin müəyyən bir dövrünü təqdim etməyi bacarmışdır. Bugün çox az insanın xəbərdar olduğu bəzi etnoqrafik materialların da kitaba əlavə olunması, arxaizm və dialektizmlərdən yerində istifadə kitabın təsir gücünü artırmaqla bərabər, həm də dilçilər, folklorşünaslar və başqa tədqiqatçılar üçün istiqamətverici mənbədir.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Bani” kitabı haqqında bir neçə söz” mövzusunda məruzə edib. Professor bildirib ki, Əli Məmmədov Noraşen rayonunun Şahtaxtı kəndində (indiki Kəngərli rayonu, Şahtaxtı kəndi) dünyaya göz açıb. Erkən yaşlarından zəhmətə alışan Əli Məmmədov 6 yoldaşı ilə bərabər Böyükdüz kəndinin və “Aydın” kolxozunun əsasını qoymuşdur. Həyatını Böyükdüzün inkişafına və kənd sakinlərinin rifah halının yaxşılaşdırılmasına həsr etmişdir.

Kitabı əhatəli şərh edən Vəli Baxşəliyev vurğulayıb ki, əsər xalq dilinə yaxınlığı, zəngin təsvir xüsusiyyətləri, unudulmaqda olan məhəlli xarakterli sözlərin və mənalarının kitaba daxil edilməsi baxımından təqdirəlayiqdir. Kitabda həmçinin dadı dillər əzbəri olan Şahtaxtı qovunu haqqında məlumat verilmişdir. Qədimdə keçirilən Oğlaqqıran bayramı, bayram üçün səciyyəvi büryan yeməyindən bəhs edən Asif Kəngərli bu dəyərlərimizin də ermənilər tərəfindən oğurlandığına diqqət çəkmişdir.

Məruzəçi cəmiyyətin maariflənməsi üçün tərbiyəvi və təbliğat xarakterli mövzulara geniş yer verməsini Asif Kəngərli yaradıcılığının əsas keyfiyyəti kimi səciyyələndirib.

Qeyd olunub ki, kitaba əlavə edilən rəsmi sənədlər, fotoşəkillər, xatirələr, lətifələr, habelə 30-40-cı illərə aid məlumatlar əsərin önəmini artıran amillərdəndir.

Məruzədən sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, yazıçı Aləm Kəngərli və şairə-publisist Səhər Əhməd çıxış ediblər. Çıxışlarda Asif Kəngərlinin yaradıcılığından, onun əsərlərində toxunduğu mühüm məsələlərdən bəhs olunub.

Sonda çıxış edən Asif Kəngərli tədbirin təşkilinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edib.

Mərasimə akademik İsmayıl Hacıyev yekun vurub.

Xəbər lenti