Logo

Təhsildə pandemiyanın fəsadları və yeni çağırışlara hazırlıq məsələləri müzakirə edilib

10.06.2021 16:41 302 baxış
IMG

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında təhsildə pandemiyanın fəsadları və yeni çağırışlara hazırlıqla bağlı məsələ müzakirə edilib.

 

İctimai Şuradan bildirilib ki, müzakirələrdə son illərdə Azərbaycanda təhsilin texnoloji maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində önəmli qərarlar və proqramlar qəbul olunduğu və həyata keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, pandemiya dövründə qısa müddət ərzində televiziya vasitəsilə teledərslərin yayımı, internet resurslarında tədris materiallarının yerləşdirilməsi, “Virtual məktəb” platforması vasitəsilə interaktiv şəkildə tədrisin genişləndirilməsi kimi çevik qərarların icrasıyla gələcəyə yönəlik mühüm addımlar da atılıb.

 

Bununla belə koronavirus pandemiyasının müvəqqəti davam edəcəyi düşünülməməlidir. Çünki urbanizasiya prosesinin artması, qlobal hərəkətliliyin sürətlənməsi sayəsində qlobal epidemiyaların on ildən bir fərqli miqyasda təkrarlanacağı proqnozlaşdırılır. Bu, “evdə təhsil” (home schooling) və interaktiv virtual/onlayn təhsilin yaxın illərdə daha da aktuallaşacağına işarədir.

 

Bu gün informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı digər sahələrdə olduğu kimi, təhsilin də rəqəmsallaşdırılmasını şərtləndirir və sürətləndirir. Eyni zamanda, təhsildə rəqəmsallaşma artıq bir zərurətə çevrilir. İradəmizdən asılı olmayaraq postpandemiya dövründə onlayn təhsilin artıq bir seçim deyil, məcburiyyət olacağı barədə indidən düşünmək lazımdır və yeni çağırışlara hazır olmaq reallığını təhsil ictimaiyyəti də dərk edir.

 

Vurğulanıb ki, pandemiya müddətində onlayn təhsil təcrübəsi artıq virtual təhsilin hansı istiqamətlərdə inkişaf etdirilməsi və virtual təhsil imkanlarından necə yararlanmaqla bağlı fikir formalaşdırdı. Azərbaycanın virtual təhsilə keçidlə bağlı bir çox üstünlüyü var. İKT-dən bacarıqla istifadə edən gənc və intellektual səviyyəsi yüksək müəllim ordusu, informasiya texnologiyaları üzrə mütəxəssislər, keyfiyyətli virtual təhsil məzmunu yarada biləcək insan resursları, ölkə əhalisinin böyük əksəriyyətinin internetə çıxışının olması, təhsil rəhbərlərinin və müəllim heyətinin yeni çağırışlara hazırlanması vacib şərtlərdəndir.

 

Bu məqsədlə Azərbaycanın cari reallığında təhsilin rəqəmsallaşması prosesində texnoloji infrastrukturun yaxşılaşdırılması, təhsil işçilərinin onlayn mühitdə təlim bacarıqlarının artırılması və onlarda bu istiqamətdə peşəkar kompetensiyaların formalaşdırılması, onlayn mühitdə effektiv təhsil məzmununun yaradılması, daha çox açıq təhsil resurslarının istifadəyə verilməsi, onlayn təhsil formasına uyğunlaşdırılmış ölçmə-dəyərləndirmə sisteminin yaradılması kimi kriteriyanın ödənilməsi çox vacibdir. Həmçinin böhran dövrünün təhsilinin idarə olunmasında kifayət qədər bacarıq və səriştəsi olan, bu və ya digər formalarda keyfiyyətli təhsili təşkil və təmin edəcək təhsil idarəedicilərinə də ciddi ehtiyacın olduğu inkarolunmaz faktdır. İndiki halda həm də rəqəmsal infrastruktur səriştəsinin olması təhsil idarəedicilərinin fəaliyyətini təmin edən ən vacib meyarlardan biridir.

 

Şura üzvlərindən Şahlar Əsgərov, Nadir İsrafilov, İlqar Orucov, Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Mayis Əliyev, müzakirədə qonaq qismində iştirak edən Əməkdar müəllim Sona Əliyeva tərəfindən irəli sürülən təkliflərin ümumiləşdirilərək Təhsil Nazirliyinin rəhbərliyinə təqdim olunması qərara alınıb. Təkliflərdə xüsusi olaraq koronavirus pandemiyası dövründə alternativ təhsil imkanlarının yaradılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, bu baxımdan onlayn təhsildə müvəffəqiyətin ən vacib komponenti yenə də insan resurslarıdır – təhsil işçiləri, müəllimlər, təhsil idarəediciləridir. Onların hamımız üçün yeni olan böhran – pandemiya şərtləri altında yeni təhsilalma forması – hibrid və məsafədən (onlayn) elektron təhsilə adaptasiyası baxımından ciddi şəkildə maarifləndirilməsinə və dəstəklənməsinə ehtiyac var. Çünki onlayn təhsil təkcə məsafədən informasiya, bilik ötürülməsindən ibarət olmamalıdır, həmçinin onlayn təhsil yeni şəraitdə təhsil ocaqlarında həyata keçirilən təlim-tədris prosesinin virtual məkana ötürülməsindən, əxlaqi-tərbiyəvi mühitin, şəxsiyyətin formalaşması prosesində məktəbin oynadığı rolun bu və ya digər formada virtual məkana inteqrasiyasından ibarət olmalıdır.

Xəbər lenti