Logo

Milli təhsil tariximizin əsası olan seminariyalar...

29.12.2021 23:44 1578 baxış
IMG

Azərbaycançılıq ideologiyasının yayılmasında onların rolu...

Azərbaycançılığın elmi cəhətdən inkişaf etdirilməsində sözsüz ki, Qori Müəllimlər Seminariyasının, eləcə də İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının əvəzsiz xidmətləri olub. Azərbaycançılıq ideologiyasının ədəbiyyatda, mədəniyyətdə, maarifdə, elmdə özünə dərin izlər salmasında seminariya məzunları köklü işlər görüb.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəsmi saytında idarənin baş məsləhətçisi Rafiq Səfərov "Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında" maraqlı faktları gündəmə gətirib.

R.Səfərov hər iki seminariyanın Azərbaycan təhsilinə, Azərbaycan maarifinə, azərbaycançılığa verdiyi töhfəni geniş şəkildə araşdıraraq qeyd edir ki, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk buraxılışı 1882-ci ilə təsadüf edir. İlk olaraq şöbənin kursunu bitirmiş 10 nəfər müsəlman azərbaycanlı gənc Azərbaycanın məktəb tarixində pedaqoji təhsil almış azərbaycanlı müəllimlərin ilkin dəstəsi olaraq pedaqoji cəbhədə fəaliyyətə başlamışdı. 1882-ci ildə şöbənin kurslarını bitirmiş şəxslərin sırasında Həşim bəy Nərimanbəyov, Rəşid bəy Əfəndiyev, Məmməd bəy Əfəndiyev və başqaları var idi. Bu şöbənin məzunları sayca az olmasına baxmayaraq, Zaqafqaziyanın Azərbaycan kəndlərində dünyəvi məktəblərin açılmasında və fəaliyyət göstərməsində mühüm rol oynamışlar. O bildirir ki, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin təşkili ana dilində ilk dərsliyin meydana gəlməsinə şərait yaratdı. Tədqiqatçının bildirdiyinə görə, 1882-ci ildə ilk dəfə nəşr edilən A.O.Çernyayevskinin "Vətən dili" (I hissə) və S.Vəlibəyovla birlikdə hazırlanaraq 1888-ci ildə dərc olunan həmin dərsliyin II hissəsinin işıq üzü görməsi feodalizm dövründən qalmış doqmatik və sxolastika ilə bağlı olan və uzun müddət davam edən höccələmə (əbcəd-çərəkə) üsuluna ilk və böyük zərbə idi: "Həmin Seminariyanın məzunu sonralar ədəbiyyatşünas alim, pedaqoq və maarifçi F.Köçərlinin sözləri ilə desək, bütöv islam aləmində, türk-tatardilli xalqlar içərisində sövti üsullu dərs demək və dərslik tərtib etmək təşəbbüsü ilk dəfə Azərbaycanda ortaya çıxmış və Azərbaycan məktəblərində tətbiq olunub. Bu, Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi. Sonrakı illərdə dəfələrlə çap edilən "Vətən dili" uzun müddət Azərbaycan məktəblərində ana dili dərsliyi kimi istifadə olunmuş və inqilabdan əvvəlki Azərbaycan ziyalılarının bütöv bir nəsli "Vətən dili" kitabından faydalanıb. Ən başlıcası isə, bu dərslik Azərbaycan dilinin gələcək inkişafına, ana dilində yeni-yeni dərsliklərin tərtib edilməsinə güclü təkan verdi. R.Əfəndiyevin "Uşaq bağçası" və "Bəsirət-ül-ətfal", N.Nərimanovun "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", Ü.Hacıbəyovun "Hesab məsələləri" və "Lüğət"i, M.Mahmudbəyovun "Türk əlifbası və ilk qiraət"i, başqa müəllimlərlə birlikdə "İkinci il", "Üçüncü il", "İmlamız"dan başlamış, Ə.Y.Seyidovla H.K.Sanılının "Əlifba"sı da daxil olmaqla, ana dilində yazılan dərslik və dərs vəsaitləri "Vətən dili"nin layiqli davamçıları olmuşlar". 

Tədqiqatçı vurğulayır ki, Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil müəssisələrindən sayılan İrəvan Müəllimlər Seminariyası "Kutaisi və İrəvan quberniyalarında müəlllimlər seminariyalarının təşkil edilməsi haqqında "Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılıb. Üç maddə və qətnamədən ibarət olan həmin qərarda qeyd edilirdi: "1) İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın... 3) Ştatların layihələri üzrə seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına-27.800 rubl, İrəvan Seminariyasına 28.350 rubl, yekun olaraq isə Zaqafqaziya diyarının yerli büdcəsinə ildə əlli altı min yüz əlli rubl keçirilsin...".

"İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də həyata keçirilmişdi. İrəvan Müəllimlər Seminariyasında digər elmi-fənlərlə yanaşı, Azərbaycan dili fənni və şəriət dərslərinin tədris edilməsi üçün seminariyanın ştat cədvəlində müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İrəvan Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsinin yaradılması haqqında tarixi mənbələrdə hər hansı bir məlumat aşkar edilməmişdi. Tarixi mənbələrdə seminariyanın ştat cədvəlində müsəlman dini üzrə şəriət dərsləri və Azərbaycan dili fənninin tədris edilməsi üçün müvafiq ştat vahidinin ayrıldığı barədə məlumatlar var. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişini Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Kavkazskiy Kalendar"da dərc olunmuş məlumatlara görə, Axund Məmməd Bağır Qazızadə 1883-cü ildən başlayaraq, uzun illər ərzində İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris edib. Qafqazın ayrı-ayrı yerlərində, o cümlədən Kubanda və Kutaisi quberniyasında açılmış seminariyalardan fərqli olaraq, İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dilinin və şəriətin tədris edilməsi heç də təsadüfi deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan mahalında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı müsəlman gənclər ilk pedaqoji təhsilini aldıqdan sonra həyat fəaliyyətini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud olan ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak etmişlər" - deyə tədqiqatçı bildirir.

Onun qeyd etdiyinə görə, İrəvan Seminariyasının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq, bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayıb.

Alim yazır ki, 1881-ci ildə İrəvan mahalında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə baş vermiş, İrəvan mahalında İrəvan Gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılmışdı. Qori Müəllimlər Seminariyasının məzunu F.Köçərli 1885-ci ilin iyun ayında İrəvan Gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilib və bu tədris ocağında 10 il müddətində pedaqoji fəaliyyətini davam etdirib. O qeyd edir ki, Qori Müəllimlər Seminariyasının digər məzunu Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori Seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib: "Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori Müəllimlər Seminariyasının məzunları ilə yanaşı, İrəvan Müəllimlər Seminariyasını bitirmiş məzunlar da yaxından iştirak etmişlər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsilini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək təhsilini başa vurduqdan sonra vətəninə - Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri - Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsilini İrəvan Müəllimlər Seminariyasında almışlar.

Milli təhsil tariximizdə Qori və İrəvan müəllimlər seminariyalarının olduqca əhəmiyyətli rolu danılmazdır. 1898-ci ildən 1902-ci ilədək İrəvan Müəllimlər Seminariyasının direktoru vəzifəsini tutmuş Mixail Alekseyeviç Miropiyev 1903-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasının yeni direktoru təyin edilərkən dekabr ayında Qori şəhərinə gələrək seminariyanın şəxsi heyəti və yetirmələri qarşısında çıxış edib. M.A.Miropiyev öz çıxışında Zaqafqaziya Müəllimlər Seminariyasının fəaliyyətinə yüksək qiymət verib. O, seminariyanın 1900-cü ildə Parisdə keçirilən müəllimlər seminariyalarının ümumdünya sərgisində layiqincə iştirak etdiyini, seminariyaların Qafqaz yubiley sərgisində isə yüksək mükafata layiq görüldüyünü bildirərək seminariyaya onun kiçik bacısı - İrəvan Müəllimlər Seminariyasından təbriklər gətirdiyini qeyd edib. M.A.Miropiyev İrəvan Müəllimlər Seminariyasını Qori Müəllimlər Seminariyasının kiçik bacısı adlandırmışdı. Qeyd edək ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər əsasən Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdı. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905-1907-ci illərdə Azərbaycan dili müəllimlərinin hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda; Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdiriyyətinin kurslarında; Yelizavetpol Mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin 1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsilini Qori və İrəvan müəllimlər seminariyalarında almışlar".

Tədqiqatçı qeyd edir ki, Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyalarının məzunlarının fəaliyyəti ilə bağlı olub.

Tədqiqatçı qeyd edir ki, Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyalarının məzunlarının fəaliyyəti ilə bağlı olub.

Tədqiqatçı Azərbaycanda xalq maarifi və məktəbinin, pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı akademik H.Əhmədovdan sitat gətirir: "M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişlərsə, Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan üçün həmin xidmətləri göstərmişlər".

R.Səfərovun qeyd etdiyinə görə, xalqımız Qori və İrəvan seminariyalarının məzunlarının tarixi xidmətlərini unutmayıb. O bildirir ki, həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında istifadə edilir.

Azərbaycanın maarif tarixində əhəmiyyətli rola malik olan seminariyalar böyük bir nəsil yetişdirdi. O nəsil xalqımızın həyatında, tarixində mühüm rol oynayıb. Onların yaratdığı məktəb əbədi olaraq yaşayacaq. Çünki onun mayasında vətənçilik, xalqçılıq, azərbaycançılıq qayəsi, ideyası var.

İradə SARIYEVA

Xəbər lenti