Logo

Türkiyəli alim İqtisadiyyat İnstitutunun elmi seminarında çıxış edib

12.12.2025 12:26 45 baxış
IMG

Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent Hamid Ozmanı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun elmi seminarında “Beynəlxalq iqtisadi vəziyyət və Türkiyə iqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə Hamid Ozman iki qardaş ölkə arasında elm sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əlaqələrin zamanla daha da genişləndiyini və çox faydalı olduğunu qeyd edib. Habelə II Beynəlxalq Asiya İntibahı Simpoziumunda fəal iştirak etmiş İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşına sertifikat təqdim edib.

Türkiyəli alim dünya iqtisadiyyatında baş verən, diqqət çəkən iqtisadi proseslər və onun Türkiyə iqtisadiyyatına təsiri, inflyasiya, beynəlxalq ticarət və rəqabət, makroiqtisadi rəqəmlər, ölkələrin inkişaf səviyyəsindəki fərqlər, texnoloji inkişaf trendləri, dünya iqtisadiyyatında Türkiyənin yeri və rolu, qardaş ölkənin iqtisadiyyatında əsas inkişaf meyilləri, problemlər, Asiya ölkələrində, türk dövlətlərində iqtisadi artım göstəriciləri barədə danışıb, mülahizələrini bölüşüb və sualları cavablandırıb.

Tədbirdə İnklüziv sosial inkişaf şöbəsinin müdiri professor Rəsmiyyə Abdullayeva bildirib ki, bu il oktyabrın 23-24-də Ege Universitetində II Beynəlxalq Asiya İntibahı Simpoziumu keçirilib. Tədbir Türkiyənin Ege Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Həmin tədbirin əsas təşkilatçılarından və bu işə böyük əmək sərf edənlərdən biri məhz Hamid Ozman olub. Bunu nəzərə alaraq onun fəaliyyəti yüksək qiymətləndirilib. R.Abdullayeva İqtisadiyyat İnstitutunun baş direktoru adından Hamid Ozmana təşəkkürnamə təqdim edib.

Xəbər lenti