Logo

Arxeologiya və Antropologiya İnstitutu elmi fəaliyyətinə dair illik hesabat verib

12.12.2025 12:21 50 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin yekunlarına dair hesabat iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə iştirakçılar il ərzində Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın bütün bölgələri üzrə aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş mühüm artefaktlardan, eləcə də yeni nəşr olunmuş monoqrafiya, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

İclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatlar aparıldığını, elmə məlum olmayan çoxsaylı maddi mədəniyyət abidələrinin aşkar olunduğunu bildirib. O, sərgidə nümayiş etdirilən Neolit və Albaniya mədəniyyətlərinə aid eksponatların, Avey dağında aşkarlanmış tapıntıların, eləcə də Qarabağın Azıx və Tağlar qədim insan düşərgələrindən tapılmış maddi mədəniyyət nümunələrinin böyük maraq doğurduğunu qeyd edib.

AMEA rəhbəri, həmçinin müasir dövrün tələblərinə uyğun olaraq institutda İslam dövrü arxeologiyası, etnoarxeologiya, məhkəmə arxeologiyası, Xəzər arxeologiyası, Qarabağ arxeoloji ekspedisiyası kimi yeni və təkmilləşdirilmiş elmi-tədqiqat strukturlarının yaradıldığını diqqətə çatdırıb. O, Arxeologiya və Antropologiya İnstitutunun Naftalan şəhərində, Goranboy rayonunda, Astarada, Beşbarmaq dağında və Qarabağ bölgəsində apardığı arxeoloji qazıntılarla birbaşa yerindəcə tanış olduğunu söyləyib. Alim arxeoloqlara dron və GPS cihazlarının da təqdim edildiyini bildirərək, müasir texnologiyaların tətbiqinin arxeoloji tədqiqatların keyfiyyət və səmərəliliyini artıracağını vurğulayıb.

Akademik İsa Həbibbəyli arxeoloji materiallar əsasında qələmə alınan kitab və monoqrafiyaların, impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayının artırılmasının vacibliyini vurğulayıb. O, Xocavənd rayonunda yerləşən Tağlar mağarasında tədqiqatlar nəticəsində 1968-ci ildən sonra (Azıx adamının qalığı) ilk dəfə paleoantropoloji qalığın tapıldığını və hazırda tapıntının Yaponiyada təhlil edildiyini söyləyib. AMEA rəhbəri yaşı təxminən 80 min il olan neandertal insana aid artefaktın tarixləndirilməsi başa çatdıqdan sonra onun dünya miqyasında təqdimatının keçiriləcəyini deyib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli institutun fəaliyyətini yüksək qiymətləndirib, müəssisə əməkdaşlarının il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib.

Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova iclas iştirakçılarını institutun illik fəaliyyəti ilə bağlı hesabatla tanış edib. O bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları baş elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar” elmi istiqaməti üzrə tədqiqat işləri aparıblar. Bu elmi tədqiqat işlərinə 4 problemi əhatə edən 15 mövzu, 56 işi daxildir və əksər mövzular üzrə işlər plana uyğun olaraq aparılıb.

Ellada Bəkirovanın sözlərinə görə, hesabat ilində arxeoloji, antropoloji və kəşfiyyat xarakterli tədqiqatları əhatə 40-a yaxın ekspedisiya təşkil olunub. Cari ildə institut əməkdaşları işğaldan azad olunmuş Zəngilan, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər rayonları ərazisində, eyni zamanda, İmişli, Ağstafa, Astara, Şəmkir, Tovuz, Goranboy, Şabran, Ağsu, Şamaxı, Qəbələ, Yardımlı, Cəlilabad, Quba, Abşeron, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində Ordubad, Kəngərli rayonlarında arxeoloji və antropoloji tədqiqatlar aparıblar. Tədqiqatların xeyli hissəsi işğaldan azad olunmuş rayonların payına düşüb. Bu qazıntı işlərinin bir hissəsi institutun bağladığı beynəlxalq müqavilələrə əsasən müştərək beynəlxalq ekspedisiyalar tərəfindən aparılıb.

O, Şəki “Yuxarı Baş”, Ağdam Şahbulaq, Siyəzən “Beşbarmaq”, İsmayıllı “Basqal”, Xocavənd “Tuğ” tədqiqatlarının Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirildiyini xatırladıb. Qeyd edib ki, cari ildə Mədəniyyət Nazirliyinin tabeliyində olan “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu”, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də arxeoloji ekspedisiyalar fəaliyyət göstərib.

Elmi katib müəssisənin beynəlxalq və yerli qrant layihələri barədə məlumat verərək bildirib ki, cari ildə Arxeologiya və Antropologiya İnstitutunda 2 əsas qrant layihəsi üzrə işlər davam etdirilib, institut əməkdaşları biri beynəlxalq olmaqla 4 yeni qrant layihəsinin qalibi olublar.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev fikir və təkliflərini bildirib, sualları cavablandırıb.

Xəbər lenti