Logo

UNEC-in rektoru: Ali təhsilə Malayziya baxışı

01.12.2025 11:29 53 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Malayziyada işgüzar səfərdə olub.

UNEC-dən TƏHSİL.BİZ-ə bildirilib ki, səfər çərçivəsində rektor ölkənin aparıcı universitetlərində görüşlər keçirib, Ali Təhsil Forumunda iştirak edib və təhsil ekspertləri ilə müzakirələr aparıb.

Rektor ali təhsilin gələcəyi ilə bağlı Malayziyada müşahidə etdikləri barədə fikirlərini bölüşüb. O qeyd edib ki, təhsilin və o cümlədən, ali təhsilin gələcəyi bütün dünyada təhsil mütəxəssisləri və təhsil menecerlərini çox düşündürür. Ciddi müzakirələr, yeni-yeni tədqiqatlar aparılır, konfranslar və forumlar təşkil edilir. Bu baxımdam Malayziya da istisna deyil. Ali təhsilin gələcəyi ilə bağlı bu ölkə universitetlərində və tanınmış mütəxəssislərlə apardığımız müzakirələrdə müşahidə etdiyimiz baxışlar və yanaşma maraqlı göründü və onların ali təhsilə baxışını ümumiləşdirməyə çalışdıq:

1. Universitetlərin rəqəmsal transformasiya sonrasındakı gələcəyi onları çox maraqlandırır. Onların fikrinə görə, müzakirə predmeti universitetlərdə təkcə necə dərs demək deyil, həm də süni intellekt, qlobal mobillik dövründə universitetlərin niyə mövcud olmasıdır.

2. Son 20 ildə universitetlər modernləşir: sinif otaqlarından LMS-lərə, taxta lövhələrdən ağıllı lövhələrə, dərsliklərdən çatbotlara keçir. Lakin bu dəyişikliklər səthi xarakter daşıyır. Öyrənmənin məqsədini və təcrübəsini dəyişmədən sadəcə köhnə təhsil modelinin rəqəmsallaşdırıldığını və bunun təhlükəli olduğunu vurğulayırlar.

3. İndi süni intellekt mühazirə oxuya, məzmun yarada, tapşırıqları qiymətləndirə və fərdiləşdirilmiş tədris təqdim edə bilirsə, universitetlərin hələ də bilik ötürən qurumlar kimi qalması və yaxud daha fərqli bir təsisat olması məsələsinə aydınlıq gətirilməsi geniş müzakirə olunur.

4. Süni intellekt və rəqəmsal alətlərin yalnız formatı deyil, təhsilin kimliyini və məqsədini necə dəyişdirdiyini yenidən dərk etmək lazımdır.

5. Süni intellekt ağıllıdır, amma insan deyil. O empatiyanı, dürüstlüyü, təvazökarlığı, mədəniyyəti və mənəviyyatı öyrədə bilmir. Amma məsuliyyətli liderlik və qlobal vətəndaşlıq üçün məhz bu keyfiyyətlər vacibdir.

6. Süni intellekt təhsili həm demokratikləşdirə və həm də yeni bərabərsizlik yarada bilər — xüsusilə də imkansız, kənd yerlərində yaşayan və ya dil dəstəyi olmayanlar üçün.

7. Süni intellekt dövründə təhsilin insani, inklüziv, mədəni cəhətdən mənalı və ədalətli qalması yolları geniş müzakirə edilir.

8. Fikir səsləndirilir ki, süni intellekt bilik ötürülməsini səmərəli təmin edirsə, universitetin dəyəri artıq nə öyrətdiyində yox, tələbə və tədqiqatçıların hansı problemləri həll edə bilməsində ola bilər.

9. Gələcəyin universiteti binaları, reytinqləri və diplomları ilə deyil, cəmiyyətə göstərdiyi real təsirlə müəyyən oluna bilər.

10. Beşinci nəsil universitet modeli geniş müzakirə predmetidir. Çoxluğun fikri ondan ibarətdir ki, rəqəmsal transformasiyadan və süni intellektin tətbiqindən sonrakı universitetlər missiya yönümlü olmalıdır və bu, beşinci nəsil universitet modelinin əsasıdır.

Xəbər lenti