Logo

Operatorların qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi üçün süni intellekt əsaslı yanaşma təklif olunub

30.10.2025 12:25 64 baxış
IMG

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı Günay Əbdiyeva-Əliyeva Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində keçirilmiş “Nüvə obyektlərinin xarici təsirlərə qarşı dayanıqlığı” mövzusunda beynəlxalq konfransda iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransda müxtəlif ölkələrin kritik informasiya infrastrukturları, nüvə təhlükəsizliyi, enerji sistemləri sahəsində aparıcı mütəxəssisləri, tədqiqatçılar və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans çərçivəsində nüvə obyektlərinin dayanıqlığının artırılması, texnoloji risklərin azaldılması və kiberfiziki təhlükəsizlik məsələləri üzrə elmi-praktik müzakirələr aparılıb.

G.Əbdiyeva-Əliyeva konfransda “Operatorların qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi üçün süni intellektə əsaslanan kiberfiziki anomaliya aşkarlama yanaşması” adlı məruzə ilə çıxış edib.

Tədqiqatda təqdim edilən hibrid anomaliya aşkarlama çərçivəsi süni intellekt metodlarını fiziki proses modelləri ilə birləşdirərək nüvə kiberfiziki sistemlərinin dayanıqlığını və etibarlılığını artırmağa yönəlib. Yanaşma “Autoencoder” (AE), LSTM-AE, “Isolation Forest” (IF) və “One-Class SVM” (OCSVM) modellərinin fiziki qalıqlarla inteqrasiyasına əsaslanır ki, bu da anomaliyaların aşkarlanma dəqiqliyini artıraraq yalan siqnalların sayını 60 faiz azaldır. Nəticədə operatorların qərar qəbuletmə prosesi daha etibarlı və izah edilə bilən hala gətirilib.

Təklif olunan sistemin SCADA infrastrukturlarına inteqrasiya oluna bilməsi, çoxreaktorlu və enerji şəbəkəsi miqyasında tətbiq imkanları, eləcə də izah edilə bilən süni intellekt və dayanıqlıq istiqamətində gələcək tədqiqatlar üçün əsas yaratması xüsusi vurğulanıb.

Xəbər lenti