“Finalı Bakıda keçirilən ICPC müsabiqəsi kompüter elmi sahəsində ən nüfuzlu yarışmalardan biridir və qlobal İKT icması üçün böyük əhəmiyyət kəsb edir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının açılış mərasimində Mərkəzi Bankın sədri Taleh Kazımov səsləndirib.
O qeyd edib ki, bu gün Bakı şəhərində 70 ölkə, 6 qitəni təmsil edən 140 universitet iştirak edir. ICPC yalnız yeni ideyaların inkişaf etdiyi platforma deyil, həm də gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir.
O həmçinin vurğulayıb ki, bu tədbir Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. “Gənclər üçün texnologiya sahəsindəki imkanlar regionumuzu qlobal xəritədə önəmli edir. Azərbaycan üçün isə bu, ölkəmizin qlobal liderliyə doğru irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.