Əsası 1875-ci ildən qoyulan Azərbaycan mətbuatı 150 illik yubileyini qeyd edir. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Milli mətbuatımızın zəngin tarixində özünəməxsus yeri və çəkisi olan nəşrlərdən biri də “Elm və həyat” jurnalıdır. Jurnal 1961-ci ilin yanvarında nəşrə başlayıb və sovet dövründə aylıq elmi-kütləvi jurnal kimi fəaliyyət göstərib.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Azərbaycan mətbuatının “Elm və həyat”ı” başlıqlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ötən əsrin 60-cı illərində jurnalın üzərində “Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin orqanı”, 1963-cü ildən isə “Azərbaycan SSR “Bilik” Cəmiyyətinin orqanı” qeyd olunub. İlk nömrəsi 10 min tirajla, 26 səhifə həcmində işıq üzü görüb, baş redaktor A.Qarayev, redaktor C.Şirinov, məsul katib H.Bağırov olub. Nəşr 1965-ci ildən etibarən A.Qarayevin baş redaktorluğu, Rza Şahvələdin redaktorluğu ilə fəaliyyətini davam etdirib. 1966-cı ildən isə jurnal Rza Şahvələdin baş redaktorluğu ilə çıxıb.
Sovet ideologiyasına rəğmən, “Elm və həyat” jurnalının elmi yeniliklərə üstünlük verməsi onu prinsipial mövqe sahibi edib. İlk illərdə texniki mövzular üstünlük təşkil etsə də, sonrakı illərdə bu balans qorunub. Keçən əsrin 60-cı illərində jurnalda Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Şota Rustavelinin, Molla Pənah Vaqifin, Cəfər Cabbarlının yubileylərinə həsr olunan məqalələr dərc edilib.
Jurnal 70-ci illərdə həm dünya elmindəki yenilikləri işıqlandırır, həm də ədəbi simaların yubileylərinə yer verirdi. Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Nəriman Nərimanov, İmadəddin Nəsimi, Səməd Vurğun kimi görkəmli şəxsiyyətlərə həsr olunmuş yazılar çap olunurdu. 1976-cı ildən Həsən Mehdiyev baş redaktor olub, 1977-ci ildən jurnal 40 səhifə həcmində nəşr edilib.
Ötən əsrin 80-ci illərində jurnalın mövzu və müəllif spektri genişlənib. 1981-ci ildə ilk dəfə Ulu Öndər Heydər Əliyevin dil haqqında fikirlərinə yer verilib, 1983-cü ildə isə Heydər Əliyevin fotosu və təbriki jurnalda dərc olunub. Həmin dövrdə Aqil Abbas, Rəşad Məcidov, Vilayət Quliyev kimi yeni nəsil qələm sahibləri də jurnalda çıxış etməyə başlayıb. Nizami Gəncəvinin 840 illiyinə həsr olunan araşdırmalar geniş yer tutub.
1990-cı ilin yanvar nömrəsində 20 Yanvar faciəsinə həsr edilmiş başsağlığı və fotomateriallar dərc olunub. 1991-ci ilin mart sayında jurnal artıq Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin aylıq elmi-kütləvi jurnalı” kimi çap olunub. Aprel nömrəsinin üz qabığında ilk dəfə üçrəngli bayrağımız və “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı yer alıb.
Jurnal 1992-ci ildən Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verilib və latın qrafikasına keçib. O illərdə maliyyə və digər səbəblərlə əlaqədar nömrələr əsasən birləşdirilmiş formada nəşr olunurdu. 1993-cü ildə Aydın Səlimzadə baş redaktor təyin edilib, redaksiya heyəti də yeni əlifba ilə təqdim olunub.1998-ci ildən jurnal “Azərbaycan Elmlər Akademiyası Elm Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi”nin qrifi ilə çapını davam etdirib. 2000-ci ildə “Elm və həyat” jurnalının 40 illiyi qeyd edilib, bu münasibətlə xüsusi təbrik mətni dərc olunub. 2002-ci ildən jurnal tamamilə latın qrafikasında çıxmağa başlayıb.
“Elm və həyat”ın baş redaktoru 2003-cü ildə Mahmud Kərimov olub, redaksiya heyətinə İsa Həbibbəyli, Teymur Kərimli, Bəkir Nəbiyev kimi görkəmli ədəbiyyatşünaslar daxil olub. 2016-cı ildə jurnalın baş redaktoru akademik Akif Əlizadə, baş redaktor müavinləri İsa Həbibbəyli və Zülfüqar Fərzəliyev idi. 2025-ci ildə isə jurnalın AMEA-nın 80 illiyinə həsr edilmiş birinci nömrəsi 102 səhifə, 300 tirajla çap olunub. Bu buraxılışın baş redaktoru AMEA prezidenti akademik İsa Həbibbəyli, baş redaktor müavini filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul katibi isə Sərvan Kərimovdur.