Bakı Mühəndislik Universitetinin (BMU) “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunu Mərvin Mirzəliyev Çin Hökuməti Təqaüdü-Hökumətlərarası Proqram (CGS) çərçivəsində tam təqaüdlə Şanxay Universitetinə qəbul olub.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Mərvin Mirzəliyev Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan universitetin “Beynəlxalq biznes” magistr proqramında təhsil almaq hüququ əldə edib.
BMU-da bakalavr təhsilini 2024-cü ildə ixtisas birincisi kimi tamamlayan Mərvin Mirzəliyev ali məktəbdə oxuduğu müddətdə elmi və ictimai fəaliyyətləri ilə fərqlənib. O, Azərbaycan Layihə İdarəetmə Assosiasiyasının təqdim etdiyi IPMA Level D beynəlxalq sertifikatına layiq görülüb.
BMU məzunu III Beynəlxalq Elmi-Praktik, eləcə də VII Gənc Tədqiqatçıların Beynəlxalq Elmi konfranslarında məqalələrlə çıxış edib. Startap və innovasiya sahəsində də aktiv fəaliyyət göstərən Mərvin Mirzəliyev SABAH.HUB İnnovasiya Mərkəzində HR optimizasiya proqramı layihəsinin iştirakçısı olub, habelə “Gələcəyin bacarıqları” layihəsində “SmartZont” startapı ilə 169 komanda arasından finala yüksəlib. O, həmçinin müxtəlif beynəlxalq tədbirlərdə-COP29, Formula 1 Azərbaycan Qran Prisi, FIG- Bədii Gimnastika və Trampolin Gimnastikası üzrə Dünya Kuboku, İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransında könüllü kimi təşkilati dəstək göstərib.
Azərbaycan, rus, ingilis, türk və Çin dillərində sərbəst danışa bilən BMU məzunu beynəlxalq təhsilə doğru mühüm addım atmaqla ölkəmizin gəncliyini qürurla təmsil edir.