Logo

NDU-da üç yeni informasiya sistemi yaradılıb

08.07.2025 14:45 53 baxış
IMG

İyulun 7-də Naxçıvan Dövlət Universitetində Tələbə Məlumat İnformasiya Sistemi (TMİS), İnventar Məlumat Sistemi (İMS)  və “Elmi əsərlər jurnalı” platformasının təqdimatı olub.

 Universitetin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, rektor Elbrus İsayev İnformasiya texnologiyaları şöbəsi tərəfindən hazırlanan üç əsas sistemin universitetin rəqəmsal inkişafını sürətləndirəcəyini vurğulayıb.

İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, TMİS tələbə məlumatlarının mərkəzləşdirilmiş şəkildə idarə edilməsini təmin edən müasir və çoxfunksiyalı platformadır.  Texnoloji baxımdan TMİS müasir proqramlaşdırma texnologiyaları (PHP, Laravel, MySQL) ilə hazırlanıb, mobil versiyaya uyğun dizayn, SSL təhlükəsizlik sertifikatları və istifadəçi rollarına əsaslanan idarəetmə ilə gücləndirilib. Sistem LMS, WhatsApp dəstəyi, e-poçt bildirişləri və digər universitet sistemləri ilə inteqrasiya edilərək bir-biri ilə əlaqəli işləyən tam ekosistem yaradıb. Nəticədə TMİS tələbə məlumatlarının mərkəzləşdirilməsi, dərs və imtahan cədvəllərinin paylaşılması, elektron imtahan, LMS inteqrasiyası, yataqxana və ödəniş modulları, habelə statistik hesabatların yaradılması kimi imkanları ilə tədris prosesinin effektivliyini artırır. 

İnformasiya texnologiyaları şöbəsinin verilənlər bazasının administratoru Püstə Zeynalova “Elmi əsərlər jurnalı” platformasının məqsədinin elmi biliklərin yayılmasına və akademik mübadilənin inkişafına töhfə vermək, eləcə də tədqiqatçılar üçün yüksək standartlara cavab verən nəşr imkanları yaratmaqdan ibarət olduğunu söyləyib.
Həmin şöbənin sistem inzibatçısı Rəşad Abbasov bildirib ki, İMS nəzarəti təmin edən müasir və çoxfunksiyalı platforma olub, inventarların idarəsi, məsul şəxslərin təyini, barkod sisteminin tətbiqi və mobil tətbiq üzərindən yoxlama imkanlarına malikdir.

Xəbər lenti