Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Abituriyent aylığı” çərçivəsində ilk “Açıq qapı” günü təşkil olunub.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
“Açıq qapı” günündə bütün ixtisas qrupları üzrə abituriyentlər, eləcə də onların valideynləri iştirak ediblər. Onlara universitetin ixtisasları, xüsusi təqaüd proqramları, keçid balları, “Rəqəmsal UNEC” platforması, beynəlxalq əməkdaşlıq imkanları, Universitetdaxili iki diplom (UDİD) və minor proqramları, tələbə təşkilatları, UNEC Yaradıcılıq Mərkəzinin fəaliyyəti, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib.
Görüş zamanı abituriyentlərin sualları cavablandırılıb, eləcə də universitetlə tanış olmaq imkanı yaradılıb.
İyunun 21-dən iyulun 21-dək UNEC-də “Abituriyent aylığı” elan olunub. Ay ərzində hər həftənin çərşənbə axşamı “Açıq qapı” günləri, cümə günləri isə UNEC-in rektoru ilə görüşlər keçiriləcək.