Logo

Nazir: Bu il 300-dən çox gənc dünyanın ən yaxşı 10 universitetindən qəbul alıb

24.06.2025 11:27 87 baxış
IMG

“Təkcə bir faktı qeyd etmək kifayətdir ki, xaricdə təhsil üzrə Dövlət Proqram vasitəsilə 300-dən çox gənc dünyanın ən nüfuzlu ilk 10 universitetindən birinə qəbul alıb. Bu, sadəcə statistik göstərici deyil. Bu, ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan nəticədir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir qeyd edib ki, bu, ölkəmiz üçün çox mühüm nailiyyətdir: 

“Universitet təkcə bilik verilən məkan deyil, o həm də insanın formalaşdığı, inkişafa doğru yönəldiyi mərkəzdir. Odur ki, biz bu investisiyaya çox ciddi yanaşırıq. İstəyirik ki, bu gənclər təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb ölkənin inkişafına töhfə versinlər”.

O əlavə edib ki, xaricdə təhsil üzrə Dövlət Proqramının əsas hədəfi Azərbaycan gənclərinin ən yüksək reytinqə sahib universitetlərdə təhsil imkanlarını dəstəkləməkdir:

“Bu proqram çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində dünyanın ən yüksək reytinqli universitetlərinə qəbul olan tələbələrə dəstək verilir. Bu, sadəcə bir kriteriya deyil. Artıq bu, bir siyasətə çevrilib. Çünki məqsədimiz həm də ölkənin insan kapitalını gücləndirməkdir”.

Emin Əmrullayev əlavə edib ki, proqrama maraq ildən-ilə artır:

“Təkcə 2025–2026-cı tədris ilində bizə mindən artıq müraciət daxil olub. Qəbul olan tələbələr dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsində təhsil alırlar. Bakalavriat səviyyəsində də həmin universitetlərə qəbul olan gənclər var”.


 

Xəbər lenti