Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və media nümayəndələrinin iştirakı ilə yaz semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
TƏHSİL.BİZ xəbər verir kİ, əvvəlcə BDU-nun yeni açılmış “Tələbə məkanı”nda İctimai Nəzarət Şurasının iclası keçirilib. BDU rektoru Elçin Babayev Şura üzvlərinə universitetdə son zamanlar həyata keçirilən yeniliklər və sessiyanın gedişi ilə bağlı məlumat verib. O bildirib ki, BDU dünya və regional reytinqlərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə davam edir. Bunlarla yanaşı, infrastruktur yenilənir. Son zamanlar BDU-da “Ekoməkan”, “Tələbə məkanı”, Faydalı qazıntılar muzeyi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışları olub.
Elçin Babayev Şura üzvlərinə imtahan sessiyasının gedişi ilə bağlı da məlumat verib. O, əvvəlki illərə nisbətən köçürmə hallarının azaldığını bildirib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Ümumilikdə sessiya ərzində bakalavriat səviyyəsində 701 qrup üzrə 16 mindən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant imtahan verir. İyunun 12-də 15 fakültə üzrə 239 imtahan nəzərdə tutulur. Bu imtahanlarda 236 qrup üzrə 5374 nəfər iştirak edir.
Sonra İctimai Nəzarət Şurasının üzvləri və media nümayəndələri imtahana nəzarət otağında prosesi müşahidə ediblər.