Logo

“Halal iqtisadiyyat” kitabının təqdimatı keçirilib

12.06.2025 09:17 71 baxış
IMG

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə hazırladığı “Halal iqtisadiyyat” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov İİTKM ilə əməkdaşlığın əhəmiyyətindən, eləcə də bu əməkdaşlığın nəticəsi kimi ortaya çıxan dərs vəsaitinin önəmindən danışıb, “Halal iqtisadiyyat” adlı dərs vəsaitinin ölkəmizdə bu sahənin inkişafına verəcəyi töhfədən bəhs edib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı halal iqtisadiyyata aid kitabın yazılmasının dövrün reallığından irəli gələn bir zərurət olduğunu vurğulayıb. O bildirib ki, hazırda dünyada yalnız halal qida dövriyyəsi 662 milyard dolları dəyərində qiymətləndirilir, bu da kifayət qədər irihəcmli və cəlbedicidir. Ümumilikdə isə qlobal halal iqtisadiyyatın həcminin 2020-ci ildəki 2,3 trilyon dollardan 2030-cu ilə qədər 5 trilyon dollara qədər artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, halal iqtisadiyyatın gələcəkdə ölkəmizə valyuta gətirən ixrac istiqamətinə çevrilməsi də mümkündür. Kitab Azərbaycanın müsəlman dünyası ilə iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli bir mənbə olacaq. Kitabın ərsəyə gəlməsi zərurəti də məhz dövlət başçısının çağırışlarından, dünyada halal iqtisadiyyatın dinamik olaraq artmasından və İslam aləminə inteqrasiyanın sürətləndirilməsindən yaranıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Halal iqtisadiyyat” termininin elmi, dini, mənəvi, coğrafi tərəflərindən bəhs edərək, bu sahənin Azərbaycan iqtisadiyyatına töhfəsindən söz açıb. O qeyd edib ki, ölkəmizin İslam coğrafiyasında aparıcı mövqe tutması onun halal iqtisadiyyatın mərkəzinə çevrilməsində əsas rol oynaya bilər. Bildirib ki, ölkəmiz İslam mədəniyyətinin formalaşmasındakı mühüm yeri, tarixi İpək yolunun üzərində yerləşməsi baxımından halal iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilər.

Qeyd olunub ki, “Halal iqtisadiyyat” kitabı müxtəlif dövlət qurumlarından, ali təhsil və elmi tədqiqat institutlarından, ümumilikdə, 11 alim və mütəxəssisin cəlb edilməsi ilə hazırlanıb. Ümumilikdə, 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilir, bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilir.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin redaksiya heyəti Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdan ibarətdir.

“Halal iqtisadiyyat” kitabının rəyçiləri UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov, “İqtisadi Resursların öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktor müavini Anar Yusufzadədir.

Təqdimatda çıxış edənlər - kitabın rəyçisi Zahid Məmmədov, həmmüəlliflər adından çıxış edən professor Şəfa Quliyeva və digərləri layihənin əhəmiyyətindən danışıblar.

Xəbər lenti