Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, MATE-nin Kəndlərin İnkişafı və Davamlı İqtisadiyyat İnstitutunun Aqroturizm kafedrasının müdiri, dosent Peter Szabo və dosent Mihaly Veszelka ADAU-da səfərdə olublar.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar ADAU-nun maddi-texniki bazası ilə tanış olub, laboratoriyalar və innovasiya mərkəzinin iş proseslərini izləyib, müəllim və tələbələrlə fikir mübadiləsi aparıblar.
Qonaqlar təşkil olunan seminarlarda MATE-də təhsil şəraitini və perspektivlərini təqdim edərək, fakültələrin beynəlxalq layihələrdə rolunun gücləndirilməsi və aqroturizm fəaliyyətlərinin təşkili sahəsində təcrübə və tövsiyələrini bölüşüblər.
Həmçinin ADAU-nun beynəlmiləlləşmə siyasətinin tərkib hissəsi kimi, gələcəkdə də xarici tərəfdaş universitet əməkdaşlarının seminar və kurslarının müntəzəm olaraq davam etdiriləcəyi vurğulanıb.