Logo

OBA XATİRƏLƏRİ

01.07.2025 19:46 91 baxış
IMG

Anamın və Xalamın xatirələrindən…

Hər il may ayında obalara Kərki, Şirazlı, Arazdəyən kəndlərindən və Sədərəkdən camaat köç edərdi. Qədili, Pətəyli, Dübəyli, Qara bulaq, Birəli, Qara ağac, Haxıs, Ərmiy, Teş bulağı, Dərəyurd, Sultan bulağı, Nimçə bulağı, Zincirli, Ələyuçan, Nabat bulağı, Hacıölən, Kolanı, Mustux gözəl və əsrarəngiz obalarıydı. Obada dağlar dumanlı və qarlı olurdu.Əsas da Dərəyurdda dağlar qarlıydı. Gecələr obaya nəhəng qartallar, canavar, ayı gələrdi. Qartallar çəpişi, quzunu caynağıyla götürürdü. Obada bulaqlar o qədər soyuq olurdu ki,əlini vura bilməzdin. Kolanıda Əbülfəz Ağa ocağında və Zincirlidə ocaqda qurban kəsərdilər. Obada işıq olmurdu, lampa işığıyla maydan sentyabra kimi camaat burada yaşayırdı.Zincirlidə kilsə də varıydı. Uşaqlar oranı görmək istəyirdilər.Zivər xala onları aparıbdı. Buradakı keşiş taxta pəncərələri bağlayaraq onları qorxudub. Onlar da kilsəni görmədən tez çıxıb gediblər. Obalarda camaat mal-heyvan sürüsü, çoxlu toyuq-cücə saxlayarmış. Günorta qoyun sürüləri sağına gələrmiş, çobanlar onları otarırdı. Dağda ot biçib, pres düzəldib, qışa tədarük görərdilər.

Zəhmətkeş, qoçaq, mehriban nənəm Həvva və babam Kamilin 10 övladı və 90-a yaxın nəvə, nəticə və kötücəsi var. Nənəmin babalarının, dədələrinin əsli, kökü Haxısdandır. Sonra Kərkiyə, Bərdəyə köç eliyiblər. Dədəsi Məhəmməd bəy, babası Kəlboyu bəy tanınmış, sayılıb, seçilən tacirlər olub. Xeyirxah olublar. Nənəm obaya çatan kimi təndir qururmuş, bu təndirdə lavaş, çıppa, fətir, qiliy, qalın bişirirdi. Nəvələri üçün qiliyi hazırlayırdı. Təndiri həm yappayla, həm də çoxlu gəvən kolu, çör-çöp yığıb  yandırırlarmış. Babam, Arif və Akif dayılarımobaya gəlib gedərdi, anam, Asif dayım, Nüşabə və Pəri xalalarım nənəmlə burada qalardı. Həqiqət, Sədaqət xalalarım və Gürcüstan - Tiflisdən gələn Nəzakət xalam, gəlini Həvva xalaobalar gözəl olduğu üçün gəlib qalardı. Anamın Əli və Həsən dayıları bacısını görmək üçün obaya gəlirdi. Xəvər, Xatın xalaları və Usub, Hüseyn dayıları da obada olurdular. Babam obaya gələndə anamgil balaca olduğu üçün onlara qalet(peçenye), kukruz, şirni(hər rəngdə dəmir qabda olurdu),peranik, marmalat gətirərdi, uşaqlar sevinərdilər. Onlarla çadırlar, butkalar qurulardı. Obaya hər şey kənddən gələrmiş, burada dükan yoxuydu. Hansı evdən pay gələrdisə, o pay obadakı bütün çadırlara bölünərdi. Obada mehribançılıq var idi.Hamı yığışıb bir yerdə samovar çayı qalayarmışlar. Obadan obaya qonaq gedərdilər. Şəlalə var idi, orada çimirdilər. Çayın qırağına gedib qazan qoyub, ocaq yandırıb, uşaqları çimizdirib,paltar yuyarmışlar, daşa, kola-kosa sərib qurudarmışlar.Ağacdan Qantar uşaqlar üçün düzəldilirdi, vedrələri Qantardan asıb su daşıyırdılar.

Nənəm səhər tezdən 5-də buz kimi bulaqdan su gətirirdi, xamanı suyun içinə tökürdü, əliylə kərə yağı hazırlayırdı, sonra ocaq qalayırdı, yekə qazanlarda yağ əridirdi, filyaklara töküb qış üçün hazırlıq görürdü. Pendir mayasını da özü hazırlayırdı, bir qab götürüb onun içinə bir bütün yumurta, buğda, noxud, qoyunun qursağını əlavə edirdi, bunların üzərinə su töküb pendir mayasını hazır edirdi. Bundan da pendir düzəldirdi. Nənəmanasından, nənəsindən öyrəndiyi yeməkləri həmişə hazırlıyırdı, maşınkada ləziz yeməklər bişirirdi. Əvəlik, ələyəz yığıb, hörərək qurudub qışa saxlayırdılar. Əvəlikdən dadlı omac, xörək, çəkmə aşı bişirirdilər. Nənəm çox gözəl biskivit və əyirdək hazırlayırdı.İnəyin təzə balası olanda ilk süddən dadlı bulama düzəldərdi.Quru Nabat əriyi ilə soğança edəndə inəy yağıyla Qavırma da qatırdı. Buna Ərik xörəyi deyilirdi. Şorba bişirəndə də içinə 2 dənə yumurta, reyhan, mərzə vururdu, çox dadlı olurdu.Təndirdə çiriş kətəsi, qurutlu, ələyəzli, soğançalı, noxudlu qatıq aşı və soğançalı, qavırmalı xəngəl, İrəvan kətəsi, Daş küftəsi,saxladığı çoxlu hinduşqalarla altı qazmaqlı əriştə aşı da bişirirdi. Qavıtı buğdadan qovurub kirkirədə çəkirdi, onu süd və şəkər tozuyla qatıb, qar topu kimi edib uşaqlara verirdi. Buğdadan yarmanı da kirkirədə hazırlayırdı, südlü yarma bişirib, ortasına yağ qoyurdu.Xəşil, quymaq, tər halva bişirirdi. Bu tər halvanı fərqli edən içinə doşab tökülməsiydi. Döyməc hazırlayırdı, yağı əridirdi və içinə qalın doğrayırdı. Bütün oba yığışıb ocaq qalıyıb, əriştə kəsib, sacda onu qovurardı. Dadlı şor, qurut, nehrə yağı, reyhanlı küpə pendirləri, torbada süzmə qatıq düzəldirdilər.Süd maşınıyla süd çəkirdilər, uşaqlar çörəyi bura tutub xama yeyirdilər.

Qarnıyarıq, buğatikanı, toppuz, dağdağanı uşaqlar yığıb yeyirdi.Qanatma sakkızını uşaqlar özü hazırlayırdı. Gözəl lalə çəmənlikləri olurdu. Dağlarda - ən çox Dərəyurdda, Teş bulağı və o biri obalarda çoxlu əvəlik, ələyəz, göbələk, solmaz çiçəyi,kəklikotu, baldırqan, çaşır, manda olurdu. Çaşır, manda,baldırqanla turşu qoyulurdu. Gözəl Nazlıqara pencəri varıydı,bunu yumurtayla bişirib yeyərdilər. Uşaqlar obada çoxlu kəklik yuvası və yumurtası görərdi. Meşələrdə zirinc, itburnu, meşə alması, meşə armudu, yemişan, ayıqarası, qoyungözü, alça olurdu, uşaqlar yığıb yeyirdi.

Obada kürdlər də olurdu. Kürd Torunun 18 uşağı varıydı. Gözəl toy edirdilər. Dadlı yeməklər bişirirdilər, yallı gedirdilər.Uşaqlar da oturub baxardı. Obada olan uşaqları anam həmişə xatırlayır: Zemfiranı, Ceyranı, Nigarı, İlqarı, Lidanı, Həcəri,İlhamı, Sitarəni, Sədaqəti (Qidoşu). Kürd Həsən dayını, Həmid dayını, Telli xalanı, Tərreni, Vərdeni, Arazdəyənli Səmayə xalanı, Bəhman dayını, Hidam dayını, Dilbər xalanı, Zivər xalanı, Nübar xalanı, İmamverdi dayını, Həmayıl xalanı, Teyfəbacını, Sabiri, Məzahimi də hər zaman xatırlayır. Yaxşı insanlar idi. Hər il obaya bir yerdə gedirmişlər. Obaya Sadıx dayı,İmanverdi dayı, Sultan dayı, Qəşəm dayı maşınla gələndə uşaqlar sevinərdi, bilirdilər ki, kənddən pay gəlib. Bəhman dayı uşaqlara həmişə konfet verirmiş, deyirmiş ki, siz yallı gedin, mən baxım. Kaş həmin günlər yenə olaydı. Allah dünyasını dəyişənlərə rəhmət eləsin.

Hazırladı: Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Osman Azadoğlu

Xəbər lenti