İstanbul Yıldız Texnik Universitetinin təşkilatçılığı ilə keçirilən TURAN – Fundamental Elmlər üzrə Beynəlxalq Simpozium TURAN25 davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, simpoziumda Azərbaycanı təmsil edən bir qrup tanınmış alimlər də fəal iştirak edirlər. Simpoziumda Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu elmi məruzə təqdim edilib. Müxtəlif ölkələrdən olan elm adamlarını bir araya gətirən simpoziumda alimlərimizin məruzələri maraqla qarşılanıb.
Alimlərimizin “Homogen olmayan başlanğıc gərilməsi olan içi boş silindrin maye ilə təmasda olmasının bu silindrdə yayılan oxasimmetrik dalğaların ZGV modlarına təsiri” adında məruzələrini konfrans iştirakçıları rəğbətlə izləyiblər, mövzu ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, elmi-tədqiqat layihələrinin, əlaqələrin genişləndirilməsinin vacibliyi alimlərimiz tərəfindən qeyd olunaraq ənənəvi olaraq keçirilən TURAN – Fundamental Elmlər üzrə Beynəlxalq Simpoziumunun əhəmiyyətinə də toxunulub. Bildirilib ki, simpozium elm sahəsində bilik və təcrübə mübadiləsini təşviq edir, əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərir. Elm xadimlərimizin məzmunlu çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Alimlərimizə beynəlxalq nüfuzlu sertifikat təqdim olunub.