AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Elektron dövlət platformasında Azərbaycan dili ekosisteminin konseptual modeli” adlı məqalə İspaniyanın Pablo de Olavide Universitetin “Comparative Cultural Studies: European and Latin American Perspectives” tematik jurnalında nəşr olunub. Jurnal ERIH PLUS, “Latindex” bazalarında indeksləşir.
TƏHSİL.BİZ xəbər verir ki, məqalədə elektron dövlət platformasında Azərbaycan dili ekosisteminin formalaşdırılmasının konseptual əsasları tədqiq olunub. Rəqəmsal əsrdə dünya xalqlarının dillərinin vəziyyəti, eləcə də onlayn mühitdə Azərbaycan dilinin problemləri təhlil edilib və təkliflər verilib. Həmçinin e-dövlətdə dil müxtəlifliyinin qorunması və linqvistik texnologiyaların tətbiqi imkanları tədqiq olunub. Onlayn platformada Azərbaycan dili ekosisteminin yaradılmasının konseptual modeli təklif edilib, e-dövlət platformasında Azərbaycan dili ekosisteminin formalaşdırılmasına dair yanaşmalar verilib və linqvistik texnologiyaların tətbiqi ilə həlli nəzərdə tutulan kompleks məsələlər göstərilib.