AMEA-nın Folklor İnstitutunun alimləri fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı müzakirədə iştirak ediblər.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasında fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi məqsədilə maraqlı tərəflərin iştirakı ilə geniştərkibli iclas təşkil olunub. Görüşdə professor-müəllim heyəti, tələbələr, məzunlar və işəgötürənlər iştirak ediblər.
İclasda kafedranın müdiri Elmira Məmmədova çıxış edərək fənn proqramlarının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, tədris prosesində innovativ yanaşmaların tətbiqinin və əmək bazarına cavab verən kadr hazırlığının önəmini vurğulayıb.
Tədbirdə Folklor İnstitutunun əməkdaşları Leyla Məmmədova, Nail Qurbanov və Elnarə Əmirli fənn proqramlarının məzmunu, yeni elmi yanaşmaların inteqrasiyası və müasir folklor nümunələrinin tədrisə daxil edilməsi ilə bağlı təkliflər səsləndiriblər. Həmçinin proqramların güclü və zəif tərəfləri təhlil olunub, təkmilləşdirilmə istiqamətləri müəyyənləşdirilib və iştirakçıların tövsiyələri əsas götürülməklə gələcək planlar müzakirə olunub.