Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Koreyanın İNHA Universiteti ilə birgə icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində tələbələr üçün “Yay məktəbi”ndə tədrisə cəlb edilən koreyalı müəllimlərlə görüşüb.
Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib.
Rektor qonaqları salamlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, bu proqramın tərkib hissəsi olan BMU-İNHA İDP-nin yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, ötən il proqramdan 61 tələbə məzun olub, bu il isə proqramı 82 tələbə başa vurub və onlar üçün iyulun 17-də “Məzun günü” keçiriləcək. Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığını deyərək, İNHA Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib. BMU və İNHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor ötən il bu məqsədlə imzalanan Niyyət Məktubuna toxunub. Sənədin yüksək akademik göstəricilərə malik proqram məzunlarının 10%-nə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılmasını nəzərdə tutduğunu xatırladan Yaqub Piriyev artıq məzunlardan təqaüd qazananlar olduğunu diqqətə çatdırıb.
Ənənəvi “Yay məktəbi”nin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyən rektor tədris prosesinin davamında müəllim və tələbələrə uğurlar arzulayıb.
Görüşdə çıxış edən İNHA Universitetinin müəllimləri “Yay məktəbi” üçün yaradılan əlverişli şəraitə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, 15 nəfərlik professor-müəllim heyəti artıq müxtəlif fənnlər üzrə tədrisə başlayıb və nəzəri, təcrübi biliklərin artırılmasına xidmət edən bu dərslərə tələbələr tərəfindən böyük maraq göstərilir. Azərbaycanlı tələbələrə bilik öyrətməkdən məmnunluqlarını dilə gətirən İNHA müəllimləri ölkəmiz haqqında xoş təəssüratlarını da bölüşüblər.
Görüş İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələrin təqdim olunması və xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.